Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Cəsədlər aylarla tapılmır: Rusiyanın Ukraynadakı itkiləri barədə nə məlumdur?
- Müəllif, Olqa İvşina
- Vəzifə, BBC Rusca
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
BBC, "Mediazona" və könüllülər qrupunun açıq mənbələr əsasında apardığı araşdırma nəticəsində Ukraynaya qarşı genişmiqyaslı müharibədə həlak olmuş 266 032 rusiyalı hərbçinin adı müəyyən edilib.
Məlumatların təhlili göstərir ki, son iki ildə həlak olan hərbçilərin cəsədlərinin tapılması və ölüm faktının rəsmən təsdiqlənməsi prosesi xeyli ləngiyib. Hazırda orta hesabla hərbçinin cəsədi ölümündən 150 gün sonra aşkar edilir, ölüm faktı isə orta hesabla 236 gün sonra rəsmi sənədlərə daxil edilir.
Son bir ayda məlumat bazasına daha 22 358 hərbçinin adı əlavə olunub. Bunun böyük hissəsi yeni döyüş itkiləri ilə deyil, uzun müddət itkin sayılan hərbçilərin cəsədlərinin sonradan aşkarlanması ilə bağlıdır.
Yeni əlavə edilən adların 18 657-si müxtəlif vaxtlarda itkin düşmüş, daha sonra isə 2025-2026-cı illərdə təxliyə qrupları tərəfindən tapılmış hərbçilərə aiddir. Onların arasında hələ 2022-ci ildə həlak olanlar da var, lakin əksəriyyətinin ölümü 2025-ci ildə baş verib.
Tədqiqatın əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, bir çox hallarda həm ölüm tarixi, həm cəsədin tapıldığı tarix, həm də ölümün rəsmən qeydə alındığı tarix məlumdur.
Bu da hərbçinin ölümündən onun şəxsiyyətinin müəyyənləşdirilməsinə və ölümünün hüquqi cəhətdən təsdiqlənməsinə qədər nə qədər vaxt keçdiyini göstərməyə imkan verir.
Araşdırmada Rusiya dövlət reyestrlərinin açıq məlumatlarından istifadə olunub. Bunlara vərəsəlik işləri reyestri və şəxslərin müharibədə həlak olmuş hesab edilməsi ilə bağlı məhkəmə qərarları daxildir.
375 gün gözləmə
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlamazdan əvvəl Veliki Novqorod sakini Yevgeni Kutliyev adi həyat sürürdü.
O, 2016-cı ildə narkotik vasitələrin satışına cəhd ittihamı ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həbsdə olduğu dövrdə peşə məktəbini bitirmiş, elektrik ixtisasına yiyələnmişdi.
2022-ci ildə azadlığa çıxandan sonra Yevgeni Velikiye Lukidə elektrik avadanlıqları zavodunda işləməyə başlayıb. Sonradan dülgər kimi çalışıb, kreditlə avtomobil alıb və vaxtaşırı onlayn mərc oyunlarında iştirak edib.
2025-ci ildə o, Rusiya ordusu ilə müqavilə bağlayıb. Həmin ilin iyulun əvvəlində döyüş tapşırığı zamanı itkin düşüb. Yaxınları onu bir ildən çox axtarıb.
Yalnız 2026-cı il iyulun 17-də, yəni həlak olmasından 375 gün sonra Yevgeninin ölümü rəsmən qeydə alınıb.
Bu hekayə son iki ildə rusiyalı hərbçilərin ölümü ilə bağlı müşahidə olunan ümumi tendensiyanı əks etdirir.
2025-2026-cı illərdə təxliyə qruplarının tapdığı 10 min rusiyalı hərbçinin məlumatlarının təhlili göstərir ki, onların cəsədləri orta hesabla ölümdən 150 gün sonra aşkar olunub. Ölüm faktının rəsmiləşdirilməsi isə daha uzun çəkib - orta hesabla 236 gün.
Müqayisə üçün, 2022-ci ildə rusiyalı hərbçilərin ölümü orta hesabla 36 gün sonra, 2023-cü ildə isə 25 gün sonra sənədləşdirilirdi. Bu nəticə 30 min hadisənin təhlili əsasında əldə olunub.
Bu rəqəmlər hərbçilərlə bağlı vərəsəlik işləri reyestrinin məlumatları əsasında müəyyən edilib. Həmin reyestr faktiki olaraq şəxsin ölümünü təsdiqləyir. Çünki burada yaxınlarının miras alma müraciətləri qeydə alınır.
Bu o deməkdir ki, reyestrdə adı görünən itkin hərbçilər ya tapılıb, ya da məhkəmə qaydasında həlak olmuş hesab ediliblər. Beləliklə, hərbçinin öldüyü tarixlə ölümünün rəsmən qeydə alındığı tarix arasındakı fərq itkinlərin taleyinin nə qədər gec aydınlaşdığını göstərir.
Müharibənin ilk iki ilində itkin düşən hərbçilərin sayı nisbətən az idi. 2024 və 2025-ci illərdə isə bu rəqəm kəskin artıb. Ekspertlər bunu döyüşlərin xarakterinin dəyişməsi ilə əlaqələndirirlər.
Kəşfiyyat və zərbə dronlarının geniş istifadəsi, artilleriya atəşinin intensivləşməsi və ərazilərin minalanması cəbhə xəttinə yaxın hərəkəti xeyli çətinləşdirib. Bu, yaralıların və həlak olanların döyüş meydanından çıxarılmasına da təsir göstərir.
Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) tədqiqatçıları Cek Uotlinq və Nik Reynolds yazırlar ki, yaralıların təxliyəsi artıq ayrıca planlaşdırılan mürəkkəb əməliyyata çevrilib. Çox vaxt bunun üçün qaranlığın düşməsi, duman və ya güclü yağış gözlənilir.
Onların fikrincə, yaralılara və ya həlak olanların cəsədlərinə tez çatmağa cəhd etmək yeni itkilərə səbəb ola bilər.
Digər səbəb isə tərəflərin "boz zona" adlandırılan ərazilərdə apardığı döyüşlərdir. Amerikalı hərbi analitik Maykl Kofman qeyd edir ki, 2025-ci ildən Rusiya ordusu irəliləməyə daha çox bir və ya iki nəfərlik kiçik qruplarla çalışır.
Belə hallarda həlak olanların cəsədləri uzun müddət tərəflərdən heç birinin tam nəzarət etmədiyi neytral ərazilərdə qalır.
Buna inzibati problemlər də əlavə olunur. Rusiyada həlak olmuş və itkin düşmüş hərbçilərin qeydiyyatı bir neçə qurum arasında bölünüb. Bu isə qərarların qəbulunu ləngidir və hərbçinin rəsmi şəkildə həlak olmuş elan edilməsini çətinləşdirir.
2026-cı ilin problemi
2026-cı ilin əvvəlindən bəri ümumilikdə 90 mindən çox rusiyalı hərbçinin ölümünü təsdiqləyə bilmişik. Lakin bu sayın 10%-dən az hissəsi 2026-cı ildəki itkilərin payına düşür, təsdiqlənmiş itkilərin qalan hissəsi isə 2022–2025-ci illərdə həlak olmuş şəxslərdir.
Bu o deməkdirmi ki, Rusiya ordusu hazırda xeyli az itki verir? Xeyr, məlumat bazamız əsasında belə nəticəyə gəlmək olmaz. Əldə etdiyimiz məlumatlar daha çox onu göstərir ki, itkilərin uçotunu aparmaq xeyli çətinləşib.
Oktyabrın əvvəlinə olan məlumata görə, 2026-cı ildə həlak olmuş cəmi 7 854 rusiyalı hərbçinin adını dəqiq bilirik (minlərlə digər hərbçinin ölüm tarixi məlum deyil, buna görə də onların ölümünü hələlik əminliklə bu ilə aid edə bilmirik). Müqayisə üçün: ötən ilin eyni dövrünə qədər 2025-ci ildə həlak olmuş təxminən 30 min, 2024-cü ildə isə 65 mindən çox rusiyalı hərbçinin adını müəyyən edə bilmişdik (o vaxtdan bəri bu rəqəmlər daha da artıb).
Son aylarla bağlı məlumatlar hələ də ən natamam məlumatlar olaraq qalır.
Bir insanın həlak olması, cəsədinin aşkar edilməsi, ölümünün rəsmiləşdirilməsi və bu barədə məlumatların bizim üçün əlçatan mənbələrdə dərc olunması arasında aylar keçə bilər.
Buna görə də təsdiqlənmiş ölüm hallarının qrafikində bu günə daha yaxın dövrə aid göstəricilər təkcə cəbhədə baş verənləri deyil, həm də məlumatların daxil olmasındakı gecikməni əks etdirir.
Əsas tendensiyalar
Hazırda təsdiqlənmiş bütün itkilərin 35%-i könüllülərin payına düşür.
Məhbusların payı azalmağa davam edir: hazırda onlar həlak olanların ümumi sayının 10%-ni təşkil edirlər. Halbuki 2023-cü ildə məlumat bazamızdakı hər beş həlak olmuş hərbçidən biri müharibəyə cəzaçəkmə müəssisələrindən cəlb edilmişdi.
Lakin məhbusların payının azalması Rusiya ordusunun cəzaçəkmə müəssisələri vasitəsilə daha az insan cəlb etməsi demək deyil.
2024-cü ildən etibarən məhkəmə hökmü çıxarılmamışdan əvvəl də müqavilə imzalamaq mümkündür.
Təqsirləndirilən şəxs üçün bu, mümkün həbs cəzasından yayınmaq yolu olur.
Bununla belə, cəbhəyə getmək qərarının təqsirləndirilən şəxslər tərəfindən təzyiq altında verildiyi hallar da məlumdur. Buna ağır hökm almaq qorxusu və ya həbs yerlərindəki sistemin təzyiqlərinə tab gətirə bilməmək narahatlığı da daxildir.
Statistikamızda belə hərbçilər könüllülər kimi qeydə alınır, çünki müqavilə imzaladıqları anda onlar hələ məhkum edilməmiş və cəza çəkməmiş olurlar.
Bu gün məlumat bazamızda səfərbər edilmiş şəxslər həlak olanların ümumi sayının təxminən 8%-ni təşkil edir.
Bu qrupdakı hərbçilər digərləri ilə müqayisədə xeyli gəncdir: onların həlak olduğu andakı orta yaşı 32-dir.
Onların təxminən yarısı (42%) 2022-ci ilin payızında qismən səfərbərlik elan edildikdən sonrakı ilk il ərzində həlak olub. Həmin səfərbərlik isə rəsmi olaraq indiyədək başa çatmayıb.
Məlumatlarımızın təhlili göstərir ki, müqaviləni ən çox kiçik şəhər və kənd sakinləri imzalayırlar. Belə yerlərdə sabit və yüksək maaşlı iş tapmaq çətindir, yerli hakimiyyət orqanlarının təşviqatı isə böyük şəhərlərlə müqayisədə daha israrlı ola bilər.
Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, hazırda Rusiya ordusuna cəlbetmə prosesi ilk növbədə maddi maraqlar əsasında həyata keçirilir, ideoloji amillər isə ikinci plana keçib.
Regional və bələdiyyə hakimiyyətləri yalnız müqavilə ilə xidmətə başlayan hərbçilərə deyil, vasitəçilərə də pul ödəyirlər.
Tədqiqatçıların qeyd etdiyinə görə, cəlbetmə ilə məşğul olan şəxslər maddi baxımdan çətin vəziyyətdə olan insanlara məqsədyönlü şəkildə müraciət edir, onlara ödənişlər və borcların silinməsini vəd edirlər.
Başqırdıstan və Tatarıstan həlak olduğu müəyyən edilmiş hərbçilərin sayına görə regionlar siyahısında yenə də ilk yerlərdədir. Bu, qismən həmin respublikalarda itkilər barədə məlumatları sistemli şəkildə toplayan könüllülərin fəal işləməsi ilə bağlıdır.
İtkilərin real sayı nə qədərdir?
Rusiya tərəfinin real itkiləri açıq mənbələr əsasında adlarını təsdiqləyə bildiyimiz həlak olmuş hərbçilərin sayından çoxdur.
Hərbi ekspertlərin qiymətləndirməsinə görə, Rusiya qəbiristanlıqları, hərbi memorialları və nekroloqların təhlili əsasında əldə etdiyimiz nəticələr həlak olanların real sayının 45–55%-ni əhatə edə bilər.
Bütün ölüm halları barədə açıq şəkildə məlumat verilmir. Bundan əlavə, son aylarda həlak olmuş xeyli sayda hərbçinin cəsədi hələ də döyüş meydanında qalır. Onların təxliyəsi cəhdləri sağ qalanlar üçün ciddi təhlükə yaradır. Bu, ilk növbədə, dron hücumları təhlükəsi ilə bağlıdır.
Ekspertlərin qiymətləndirməsinə əsasən, Rusiya tərəfinin real həlak olanlarının sayı təxminən 483 min- 590 min nəfər arasında ola bilər.
Özünü müstəqil elan etmiş DXR və LXR birləşmələrinin tərkibində Ukraynaya qarşı döyüşmüş şəxsləri, eləcə də Rusiyanın Kursk vilayətinin ərazisində döyüşmüş Şimali Koreya bölmələrinin itkilərini də nəzərə alsaq, ümumi rəqəm xeyli yüksəlir.
DXR və LXR-dən olan itkin düşmüş döyüşçülər haqqında 2022-ci ildə dərc edilmiş nekroloqların və digər materialların təhlili 2022-ci ilin sonuna qədər 21 min-–23 mindən çox hərbçinin həlak olduğunu ehtimal etməyə əsas verir.
Şimali Koreyada həlak olmuş hərbçilərin xatirəsinə ucaldılmış yeni hərbi memorialın peyk görüntülərini və rəsmi fotolarını araşdıran BBC-nin Koreya xidməti 2024–2025-ci illərdə Rusiya qüvvələrinin tərəfində döyüşmüş və həlak olmuş 2 mindən çox koreyalı əsgərin adını müəyyən edib.
Beləliklə, toplanmış məlumatlara əsasən, Rusiyayönlü qüvvələrin ümumi itkiləri təxminən 500 min–617 minə qədər ola bilər.
Həlak olmuş hərbçilər barədə məlumatları toplamağa davam edirik.
Bu mövzu ilə bağlı məlumat paylaşmaq istəyirsinizsə, zəhmət olmasa, bizə bbcrussian@bbc.co.uk ünvanına yazın.
Hesablamanı necə aparırıq
Rusiyada hər gün həlak olmuş hərbçilərin adları və dəfn mərasimlərinin fotoları dərc olunur. Əksər hallarda adları Rusiya regionlarının rəhbərləri və ya rayon administrasiyalarının nümayəndələri, yerli KİV-lər, həlak olanların əvvəllər təhsil aldıqları təhsil müəssisələri, eləcə də onların yaxınları açıqlayır.
BBC, «Mediazona»* və könüllülər qrupu bu məlumatları araşdırır və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanğıcından bəri apardığımız siyahıya daxil edir.*
Həlak olma faktının təsdiqi kimi Rusiya dövlət qurumlarının rəsmi mənbələrində və ya KİV-lərdə dərc olunan məlumatları, yaxınlarının paylaşımlarını, eləcə də dəfn yerinin fotoları ilə müşayiət olunan digər mənbələrdəki paylaşımları qəbul edirik.
Qoşun növlərini həlak olan hərbçinin harada xidmət etdiyinə dair məlumatlara və ya formadakı fərqləndirici nişanlara əsasən müəyyən etmişik. Səfərbər edilmiş şəxslər, könüllülər və məhbuslar ayrıca qoşun növləri hesab edilmir. Bununla belə, onların itkilərini peşəkar (müqavilə əsasında xidmət edən) hərbçilərdən ibarət nizami ordu hissələrinin itkiləri ilə müqayisə etmək üçün bu məlumatları ayrıca kateqoriyada təqdim edirik.
Əsas hesablamaya 2023-cü ilə qədər Donbasdakı özünü müstəqil elan etmiş «respublikaların» itkiləri daxil edilmir. 2023-cü ilin yanvarından etibarən «DXR xalq milisi»nin bölmələri Rusiya ordusunun tərkibinə daxil edildiyi üçün Donetsk və Luqansk vilayətlərindən olan həlak olmuş şəxsləri Rusiya bölmələrinin tərkibində döyüşmüş əcnəbilər kimi nəzərə alırıq.
* Rusiya hakimiyyəti Olqa İvşinanı «xarici agentlər» reyestrinə daxil edib. BBC bu qərara qəti etiraz edir və onu məhkəmədə mübahisələndirir.
** «Mediazona» nəşri də Rusiya hakimiyyəti tərəfindən «xarici agent» elan edilib.
Qrafika müəllifi Yaroslava Kiryuxina, illüstrasiyalar Natalia Maka