Snayperlər və minaatanlar: Yəməndə uşaqların təhlükəli məktəb yolu

Əynində narıncı rəgli kurtka olan azyaşlı məktəbli qız
Şəklin alt yazısı, Yəmənli məktəbli qız: "Qorxuruq, amma təhsil də almaq istəyirik".
    • Müəllif, Nawal Al-Maghafi
    • Məkan, Taiz, Yəmən
  • Çap edildi
  • Oxuma vaxtı: 5 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

On yaşlı Rəfif və kiçik qardaşı hər səhər saat 6-da krem rəngli və qəhvəyi məktəbli formalarını geyinərək məktəbə hazırlaşırlar.

Rəfif dostlarını görməyi və riyaziyyatdan ərəb dilinə və İslam elmlərinədək bütün dərsləri səbirsizliklə gözləyir. Gələn il ingilis dilini öyrənməyə başlayacağı üçün çox həyəcanlı olduğunu deyir.

Lakin Rəfif üçün məktəbə gedən yol küçələri keçməkdən və ya avtobusu qaçırmaqdan daha böyük təhlükələrlə doludur.

Yəmənin cənub-qərbində yerləşən Təiz şəhərindəki məktəb «tərəfsiz zona» kimi tanınan vadinin kənarındakı dağın üzərində yerləşir.

Bu vadi ölkənin beynəlxalq səviyyədə tanınan və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti müdafiə edən qüvvələrlə İranın dəstəklədiyi husilərin silahlı birləşmələri arasında vətəndaş müharibəsinin ən şiddətli döyüşlərinin getdiyi cəbhə xəttini təşkil edir.

Məktəbin bir tərəfi hökumətin nəzarətində olan ərazi, digər tərəfi isə husilərin snayper mövqeləridir.

Rəfifin evi dağın ətəyində yerləşir.

O, hər dəfə məktəbə gedərkən snayperlərə arxasını çevirərək yoxuşa qalxmalı olur.

«Qorxuram», - deyir.

UNICEF-in məlumatına görə, Yəməndə müharibənin ötən ay şiddətlənməsindən əvvəl də təxminən 3,2 milyon uşaq təhsildən uzaq düşüb.

Hesabatda bildirilir ki, 2014-cü ildə müharibə başlayandan bəri minlərlə uşaq öldürülüb və ya şikəst olub, minlərlə uşaq isə hər iki tərəfdəki silahlı qruplar tərəfindən əsgərliyə cəlb edilib.

Lakin bütün təhlükələrə baxmayaraq, Rəfif məktəbə getməyi dayandırmaq istəmədiyini deyir. Çünki o, dostlarını görməyi çox sevir və məktəbə getmək onlarla vaxt keçirmək üçün onun yeganə fürsətidir. O, sinif yoldaşlarının adlarını sadalamağa başlayır.

Rəfifin ailəsi yalnız məktəbə gedəndə onun evdən çıxmasına icazə verir. Onlar qızlarının təhsil almasını və daha yaxşı həyata sahib olmaq şansı qazanmasını çox istəyirlər. Rəfif gələcəkdə həkim olmağı arzulayır.

Ətrafında əli silahlı, hərbçi geyimində olan şəxslərin və mülki geyimli şəxslərin olduğu görünən məktəb binası
Şəklin alt yazısı, Rəfifin məktəbi

"Birdən-birə bir minaatan mərmisi gəldi"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Rəfifin ailəsi husilərin sahil şəhəri Hudeydənin nəzarətini ələ keçirməsindən sonra təhlükəsiz yer tapmaq məqsədilə doqquz il əvvəl Taiz şəhərinə köçüb.

Lakin Təizdə də toqquşmalar baş verdi.

Rəfif iki il əvvəl yeni evlərinin qarşısında minaatan hücumunun olduğunu deyir.

"Qardaşımla məndən başqa hamı çöldə idi. Sonra heç gözləmədiyimiz bir anda minaatan mərmisi gəldi... Qəlpələr qapını sındıraraq evin içinə doldu".

Onun qolu sınmışdı və yaralandığı yerdə hələ də çapıq izi qalır.

Son vaxtlar döyüşlər daha da şiddətlənib. Oktyabrın 4-də husilər Təizlə Ədən şəhərini birləşdirən həyati əhəmiyyətli təchizat yolunu bağlayıblar. Bu isə Təiz şəhərinin faktiki olaraq mühasirəyə alınması demək idi. Həmin yola nəzarət daim tərəflər arasında dəyişir.

Bölgə sakinləri BBC-yə bildiriblər ki, husilərin şəhəri istənilən an ələ keçirə biləcəyindən qorxurlar.

Bildirilir ki, hökumət qüvvələri bu həftə digər bölgələrdə də irəliləyiş əldə edib, mühüm dəniz nəqliyyatı keçidi olan Bab əl-Məndəb boğazındakı strateji məntəqələrə nəzarəti yenidən ələ keçirib və paytaxt Sənanın nəzarətini geri qaytarmaq üçün hücuma başlayıb.

Təizdəki evlər əsasən dağ yamaclarında səpələnmiş şəkildə yerləşir, lakin onların bir çoxu döyüşlərdən qaçan ailələr tərəfindən tərk edilib.

Rəfifin və ailəsinin yaşadığı məhəlləyə iki dəfə getməyə çalışdıq, lakin məhəllə başçısı həmin yerin çox təhlükəli olduğunu söylədi.

Birinci dəfə sakinlər bizə üç nəfərin snayperlər tərəfindən vurulduğunu dedilər. İkinci dəfə isə başqa bir silahlı hücum barədə danışıldı.

Rəfifin məktəbində müəllim işləyən 45 yaşlı Əbdül Raqib əl-Obeydi bizi damın üstünə çıxararaq dağlardakı husilərə məxsus hərbi düşərgələri, kazarmaları və snayper mövqelərini göstərir.

Damda dayanarkən bizi müşayiət edən yəmənli təhlükəsizlik məsləhətçisi qəfil içəri qayıtmağımızı söyləyir. O bildirir ki, buradan "bizi görmək və atəşə tutmaq mümkündür".

Əbdül Raqib təhlükəni qəbul edərək gülür. O, məktəbin əvvəllər də atəşə tutulduğunu deyir.

"İstənilən an hücum başlaya bilər - sinifdə oturarkən, yatarkən, məktəbdə olarkən, hətta küçədə gedərkən. Gələcəyimizin necə olacağını, sabah bizi nələrin gözlədiyini bilmirik".

Əbdül Raqib üçün risk artıq gündəlik həyatın adi bir hissəsinə çevrilib. Onu narahat edən isə bu vəziyyətə alışmış olmasıdır.

Təiz uzun illər ərzində Yəməndə dağıdıcı vətəndaş müharibəsinin əsas döyüş bölgələrindən biri olub.

Husilər 2015-ci ildə paytaxt Sənanı ələ keçirdikdən sonra Təizi də nəzarətə götürməyə çalışıblar. Lakin yerli silahlı birləşmələrin müqaviməti nəticəsində şəhərin böyük hissəsindən geri çəkilməyə məcbur olublar.

Təizi ələ keçirmək husilərə ölkənin şimalı üzərində tam nəzarət imkanı verərdi. Hazırda husilər son hücumlarında digər silahlarla yanaşı, pilotsuz uçuş aparatlarından da geniş istifadə edirlər.

Bəzən döyüşlər zamanı mülki şəxslər də dolayı yolla zərər çəkirlər.

Həmin axşam bir qədər sonra məktəbdən təxminən beş dəqiqəlik məsafədə yerləşən xəstəxanadan telefon zəngi aldıq. İki uşaq minaatan hücumu nəticəsində ağır yaralanmışdı.

Əl-Rövda xəstəxanasına çatanda reanimasiya şöbəsinin qarşısında əlində üzərində qan ləkələri olan kiçik, bej rəngli rezin sandaletlər tutan bir tibb bacısı gördük.

Bu sandaletlər şəhərdəki bir təmir sexinə minaatan mərmisinin düşməsi nəticəsində həyatını itirən üç yaşlı Əhmədə məxsus idi.

Qara çadralı qadın yaralı olduğu bildirilən bir oğlan uşağının başı üstündə dayanıb, əllərini göyə qaldırıb dua edir.
Şəklin alt yazısı, Əmcadın anası oğlunun aldığı qəlpə yaralrından sonra sağ qalıb-qalmayacağını bilmir.

Ürəyində qəlpə

Səndəllər haqqında sual verəndə tibb bacısı İkram Şəmsan ağlamağa başladı.

"Bu uşaq və ya onun ailəsi nə pis iş görmüşdü ki?" - o soruşur.

Əhməd belindən girərək ürəyinə sancılan qəlpə nəticəsində ölmüşdü. Uşaq motosikletinin təkərini şişirtmək üçün təmir sexinə gedən atası ilə birlikdə idi. Ata hadisədən xəsarət almadan qurtulmuşdu.

Həkimin sözlərinə görə, ata oğlunu evdə qoymağı planlaşdırmışdı, lakin uşaq atası ilə getmək istədiyi üçün ağlamışdı.

Ata oğlunun cansız bədənini xəstəxanadan götürərkən öz-özünə anasının üzünə necə baxacağını soruşur.

Onlar günlük işlərini görməyə gedərkən həyatlarının ən dəhşətli gününü yaşayırlar.

Təmir sexində Əmcad adlı 11 yaşlı başqa bir uşaq da var idi. O və qardaşı əmiləri ilə birlikdə orada işləyir, doğma kəndlərində yaşayan ailələrinə pul göndərirdilər.

Qəlpələr Əmcadın ağciyərinə və qarnına dəymişdi. Biz xəstəxanaya çatanda o, reanimasiya şöbəsində nəfəs almaqda çətinlik çəkirdi. Yatağının başında heç bir qohumu yox idi.

Həkimi onun vəziyyətini kritik qiymətləndirdi və bir neçə saat ərzində həyatını itirə biləcəyindən narahat olduğunu bildirdi. O, anasının vidalaşmaq üçün vaxtında çata biləcəyinə ümid edirdi.

Əmcad həmin axşam saat 20:00 radələrində xəstəxanaya yerləşdirilmişdi. Anası kənddən səkkiz saatlıq yol qət etdikdən sonra ertəsi gün səhər saat 06:00 radələrində, geciksə də onun yanına çatdı.

Oğlunun yatağının yanında oturub dua edir, sakit qalmağa çalışırdı. Otaqdan çıxanda diz çökərək hönkür-hönkür ağlamağa başladı.

Həkimlər müayinə zamanı Əmcadın ürək döyüntülərinin yaxşılaşdığını bildirdilər. Onlar vəziyyətinin daha bir əməliyyat keçirmək üçün kifayət qədər sabit olduğuna qərar verdilər.

Əmcad o vaxtdan bəri əməliyyat olunub, lakin vəziyyəti hələ də kritik olaraq qalır.

Tibb bacısı Şəmsan deyir: "Biz daim qorxu içindəyik. Uşaqların öldürüldüyünü görmək dəhşətlidir. Sülh istəyirik və təhlükəsizlik şəraitində yaşamaq istəyirik".

Üstü qan ləkəli crocks adlı uşaq sandalları
Şəklin alt yazısı, Üç yaşlı Əhməd topla vurularkən ayağında olan sandallar