İsraildə parlament seçkisi: Netanyahu baş nazir kimi qala biləcəkmi?

Seçkidə tarixi bir seçici aktivliyi olub
Şəklin alt yazısı, Seçkidə tarixi bir seçici aktivliyi olub
Çap edildi
Oxuma vaxtı: 4 dəq

İsraildə 27 oktyabr çərşənbə axşamı keçirilən parlament seçkilərində Azərbaycan vaxtı ilə saat 12:00-ə olan məlumata görə səslərin 66%-i sayılıb.

Mərkəzi Seçki Komitəsinin açıqladığı ilkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 54, rəqibi Gadi Eisenkotun bloku isə 48 mandat qazanır.

Ərəb partiyaları isə artıq 18 mandatla rekord nəticə əldə edib.

"Exit-poll" nəticələrində də oxşar mənzərə görünür.

İsrailin Kan News, Kanal 12 və Kanal 13 yayımçılarının "exit poll" nəticələrinə görə, Netanyahunun rəhbərlik etdiyi blok 55, Eyzenkotun bloku isə 49 mandat qazanır.

Hər iki blok da 120 yerlik parlamentdə çoxluq üçün lazım olan 61 mandatı əldə edə bilmir.

Bununla belə, Netanyahunun Likud Partiyasının seçkilərdə birinci partiya olduğu görünür.

Seçkilərin ilkin nəticələrini dəyərləndirən Netanyahu bildirib ki, güclü sağçı hökumət quracaq və əlavə edib ki, "həqiqi nəticələri gözləyir".

Eyzenkot isə partiyasının qərargahında nəticələri qeyd edib və tərəfdarlarına "tarix yazdıqlarını" deyib.

O bildirib ki, nəticələr "Netanyahuya və onun hökumətinə tam etimadsızlıq göstərildiyini nümayiş etdirir".

Liderlərdən heç birinin seçkilərdə aşkar üstünlüklə qələbə qazana bilməməsi Netanyahunun hakimiyyətdə qalmasına imkan yarada bilər.

Çünki yeni hökumət qurulana qədər hazırkı baş nazir müvəqqəti hökumətin rəhbəri kimi vəzifəsini davam etdirə biləcək.

Eisenkot

"Xalq dəyişiklikdən yana qərar verdi"

Gadi Eisenkot gecə saatlarında Təl-Əvivdəki partiya qərargahına gəlib. Yashar Partiyasının namizədlərinin əhatəsində izdihamın arasından keçərək səhnəyə çıxıb.

Eisenkot deyib:

"Tarix yazdıq. Bu səhər İsrail xalqı qarşıdakı illərin liderliyi ilə bağlı referendumda iştirak etdi. Xalq dəyişiklikdən yana qərar verdi".

Ərəb partiyalarından sürpriz yüksəliş

Dəqiqləşməmiş nəticələr göstərir ki, ərəb çoxluqlu iki partiya - Birləşmiş Ərəb Siyahısı (Ra'am) və üç kiçik partiyanın ittifaqı olan Birgə Siyahı - azı 18 mandat qazanıb. Bu, rekord göstəricidir.

İsraildə əsas siyasi partiyalar ənənəvi olaraq ərəb partiyalarını öz koalisiyalarına daxil etməyə son dərəcə istəksiz olublar.

Lakin iki əsas siyasi blok arasındakı fərqin az olacağı gözlənildiyindən, ərəb çoxluqlu partiyaları nə Eisenkotun, nə də Netanyahunun diqqətdən kənarda qoyması asan olacaq.

Əvvəlki İsrail seçkilərində ərəb seçicilərin fəallığı adətən yəhudi seçicilərin fəallığından aşağı olub. Ancaq bu dəfə Netanyahunun hakimiyyətdən getməsi istəyi çox sayda ərəb seçicini səsverməyə təşviq etmiş kimi görünür.

Gadi Eisenkot
Şəklin alt yazısı, Gadi Eisenkot deyir ki, xalq dəyişikliyə səs verdi

Bütün nəticələr açıqlandıqdan və bütün siyasi qruplarla məsləhətləşmələr başa çatdıqdan sonra İsrail Prezidenti hökumət qurmaq üçün ən çox şansa malik olduğuna inandığı partiya liderinə koalisiya formalaşdırmaq tapşırığı verəcək.

Bu proses həftələrlə davam edə bilər.

23 oktyabr cümə günü dərc edilən sorğulara görə, seçkilərdə əsas namizədlərdən heç birinin qəti qələbə qazanacağı gözlənilmirdi.

Seçkidə rekord seçici fəallığı

Bir çox insanın ölkə tarixinin ən mühüm səsverməsi hesab etdiyi seçkilərdə tarixi iştirak qeydə alınıb.

Bu, həm də 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayan Qəzza müharibəsindən sonra keçirilən ilk seçki olub.

İsrail Mərkəzi Seçki Komitəsi bildirib ki, builki ümumi seçkilərdə iştirak faizi 77,7 olub. Komitənin məlumatına görə, bu göstərici 1999-cu ildən bəri qeydə alınmış ən yüksək iştirak səviyyəsidir.

Ölkədə ümumilikdə 7,3 milyon seçici var.

Eisenkot kimdir?

Keçmiş ordu komandanı Eisenkot son 30 ilin böyük hissəsində İsraili idarə etmiş Netanyahu üçün gözlənilməz rəqib olub.

Eisenkot siyasi səhnədə nisbətən yeni simadır. O, 2022-ci ildə Milli Birlik Partiyasından Knessetə (İsrail parlamentinə) seçilib.

Daha sonra, öz sözlərinə görə, ideoloji fikir ayrılıqlarına görə partiyadan ayrılıb.

Ötən il müxalifətin aparıcı simalarından ayrılaraq özünün mərkəzçi Yashar ("doğru" və ya "dürüst" mənasını verir) partiyasını yaratdıqdan sonra Eisenkot seçki yarışında Netanyahunun əsas rəqibinə çevrilib.

Benyamin Netanyahu son illərdə korrupsiya ittihamları (özü bu ittihamları rədd edir) və 7 oktyabr 2023-cü il hücumlarının idarə olunması ilə bağlı tənqidlərlə üzləşib.

İsrailin seçki sistemi necə işləyir?

İsrail parlamenti Knessetdə 120 yer var.

Hökumətin parlament çoxluğunu təmin etməsi üçün 61 mandata sahib olması lazımdır.

İsraildə proporsional təmsilçilik sistemi tətbiq olunur. Buna görə də ölkədə hökumətlər indiyədək həmişə birdən çox partiyadan ibarət koalisiyalar tərəfindən qurulub.

Seçkidə heç bir tərəfin qələbə qazanmaması sonradan həftələrlə, hətta aylarla davam edə biləcək siyasi danışıqların baş verə biləcəyi anlamına gəlir.

Heç bir blok çoxluğu təmin edə bilməzsə, azlıq hökumətinin qurulması mümkün ola bilər. Bu da baş tutmasa, yenidən seçkilər keçirilə bilər.

Bu halda Netanyahu yeni seçkilər keçirilənədək müvəqqəti baş nazir vəzifəsini davam etdirəcək.