Şahin Cəfərli: "İlham Əliyev özünü artıq əvvəlki İlham Əliyev hesab etmir"

Çap edildi
Oxuma vaxtı: 4 dəq

Politoloq Şahin Cəfərli BBC Azərbaycancaya müsahibəsində son dövrdə Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan gərginliyin səbəblərini şərh edib.

Onun fikrincə, fikir ayrılıqları təkcə son vaxtlar gündəmə gələn hadisələrlə bağlı deyil, daha dərin geosiyasi və strateji amillərdən qaynaqlanır.

O, narazılığa səbəb olan amilləri izah edir:

Video açılmırsa, Youtube kanalımızda baxın.

1. Soyuqlaşma yeni başlamayıb

Cəfərli münasibətlərdəki soyuqlaşma meylinin 2024-cü ildən daha aydın göründüyünü deyir. O, bunu bir neçə hadisə ilə əlaqələndirir:

  • Türkiyədə Azərbaycanın İsrailə neft satmasına qarşı etirazlar və SOCAR-ın İstanbul ofisi qarşısında aksiyalar;
  • Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağla bağlı açıqlamasına Bakının rəsmi etirazı;
  • COP29 zamanı Əkrəm İmamoğlunun Bakıya dəvət olunması və rəsmi səviyyədə qəbulu;
  • Türkiyə mediası və siyasi çevrələrində Azərbaycan hakimiyyətinə qarşı artan tənqidlər.

Onun fikrincə, hicab mübahisəsi və Azərbaycanın BMT-də İsrail nümayəndəsinin çıxışı zamanı zalı tərk etməməsi artıq mövcud olan narazılığı üzə çıxarıb.

2. Fundamental səbəb Azərbaycanın özünü yeni statusda görməsidir

Cəfərlinin fikrincə, əsas dəyişiklik 2020-ci il Qarabağ müharibəsindən sonra baş verib. Azərbaycan artıq özünü xarici dəstəyə ehtiyacı olan kiçik dövlət kimi deyil, regional və ya "orta güc" kimi təqdim etməyə başlayıb.

Bu baxımdan Bakı Türkiyə ilə əvvəlki "böyük qardaş–kiçik qardaş" münasibətini davam etdirmək istəmir. Münasibətlərin:

  • tam bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmasını;
  • Türkiyənin Azərbaycanın xarici siyasətinə təsir göstərməməsini;
  • Bakının regional qərarlarda müstəqil oyunçu kimi qəbul edilməsini istəyir.

"İlham Əliyev özünü artıq əvvəlki İlham Əliyev hesab etmir", -deyə Şahin Cəfərli əlavə edir.

3. İsrail məsələsi münasibətlərə təsir edir, amma yeganə səbəb deyil

Türkiyə–İsrail münasibətlərinin kəskinləşməsi Azərbaycanı çətin vəziyyətə salır. Bakı həm Türkiyə ilə strateji müttəfiqliyini, həm də İsraillə yaxın münasibətlərini qorumağa çalışır.

Cəfərlinin fikrincə:

  • Ankara Azərbaycan–İsrail münasibətlərinin səviyyəsindən narahatdır;
  • Bakı bunu öz suveren xarici siyasətinə müdaxilə kimi qiymətləndirə bilər;
  • Türkiyə qapalı kanallarla Azərbaycandan öz yanında mövqe tutmasını istəyə bilər, lakin bunu təsdiqləyən açıq məlumat yoxdur;
  • Azərbaycan seçim etmək əvəzinə neytral mövqedə qalmağa çalışır.

O, Türkiyə ilə İsrail arasında birbaşa müharibəni aşağı ehtimallı sayır, amma Suriyada dolayı qarşıdurmaların mümkün olduğunu düşünür.

4. Türkiyə–Ermənistan normallaşması ayrıca ziddiyyət yaradır

Cəfərliyə görə, Ankara Ermənistanla sərhədi açmağa və münasibətləri normallaşdırmağa daha hazır görünür. Bakı isə bunun Azərbaycan–Ermənistan sülh sazişindən əvvəl baş verməsini istəmir.

Azərbaycanın narahatlığı belə təqdim olunur:

  • sərhəd açılarsa, Türkiyə Ermənistan iqtisadiyyatında sürətlə güclənə bilər;
  • Ankara Cənubi Qafqazda təsirini genişləndirə bilər;
  • bu, Azərbaycanın regional liderlik iddialarını zəiflədə bilər.

Türkiyə isə Paşinyan hökumətinin mövcudluğunu normallaşma üçün fürsət kimi görür və Bakının prosesə mane olmasından narahat ola bilər, politoloq deyir.

Cəfərli bunu münasibətlərdəki əsas fikir ayrılıqlarından biri sayır.

5. Türk dünyasında əməkdaşlıqla yanaşı rəqabət də yaranır

Cəfərlinin ən diqqətçəkən tezislərindən biri Azərbaycanla Türkiyə arasında Mərkəzi Asiyada nüfuz rəqabətinin güclənməsidir.

Onun fikrincə:

  • İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ayrıca liderlik rolu oynaya biləcəyini düşünür;
  • Bakı Türkiyənin türk dünyasındakı liderliyini avtomatik şəkildə dəstəkləmək istəmir;
  • Orta Asiya liderləri siyasi düşüncə, idarəçilik üslubu və dünyəvi kimlik baxımından Əliyevə Ərdoğandan daha yaxın ola bilərlər;
  • Azərbaycan və Orta Asiya ölkələri Türkiyənin siyasi islam ideologiyasından ehtiyat edə bilərlər.

Bununla yanaşı, Cəfərli hesab edir ki, məsələ yalnız Ərdoğan və AKP ilə bağlı deyil.

Türkiyədə dünyəvi və demokratik hakimiyyət olsa belə, region dövlətləri Ankaranın dominant liderliyini qəbul etmək istəməyə bilərlər, politoloq qeyd edir.

6. Azərbaycan Türkiyədən fərqli milli kimliyini önə çıxarır

Müsahibədə Azərbaycanın Türkiyədən fərqli, dünyəvi milli kimliyinin daha qabarıq şəkildə vurğulanması ayrıca xətt kimi göstərilir.

Cəfərliyə görə, Azərbaycan hakimiyyəti:

  • Türkiyə və İran kimi böyük qonşuların mədəni-siyasi təsiri altında milli kimliyin zəifləməsindən ehtiyat edir;
  • dünyəvi və ayrıca Azərbaycan kimliyini qorumağa çalışır;
  • "bir millət, iki dövlət" yanaşmasını qəbul etsə də, iki ayrı dövlətin fərqli maraqları olduğunu vurğulayır.

Onun fikrincə, bu siyasət münasibətlər normallaşsa belə, gələcəkdə də davam edəcək.

7. İqtisadi və maliyyə narazılıqları da rol oynaya bilər

Cəfərli iqtisadi məsələləri əsas səbəb deyil, əlavə amil kimi qiymətləndirir. O, aşağıdakı ehtimallardan danışır:

Qarabağda işləyən Türkiyə şirkətləri ilə Azərbaycan hökuməti arasında maliyyə problemləri ola bilər;

  • Türkiyə Azərbaycanın yeni sərmayələr qoymasını gözləyə bilər;
  • Azərbaycanın Türkiyəyə böyük həcmdə investisiya yatırması Bakıda narazılıq yarada bilər.

Lakin Şahin Cəfərli vurğulayır ki, Türkiyə hökumətinin Azərbaycandan birbaşa pul tələb etməsi barədə hər hansı rəsmi açıqlama yoxdur.

8. Münasibətlər qırılmayacaq, amma əvvəlki kimi də olmaya bilər

Cəfərlinin qənaəti budur ki, Azərbaycan Türkiyə ilə münasibətləri qırmaq imkanına və ya "lüksünə" sahib deyil. Bunun səbəbləri:

  • İran və Rusiyadan qaynaqlana biləcək təhlükələr fonunda Türkiyənin dəstəyi Bakı üçün vacibdir;
  • Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilmiş strateji müttəfiqlik qarşılıqlı maraqlara əsaslanır;
  • iki xalq arasındakı yaxınlıq hakimiyyətlərin münasibətləri tamamilə pozmasını çətinləşdirir;
  • hər iki hökumət praqmatik davranaraq gərginliyi idarə edə bilər.

Buna baxmayaraq, o hesab edir ki, qarşılıqlı etimadsızlıq artıq münasibətlərdə iz qoyub. Buna görə əlaqələr yenidən istiləşsə də, əvvəlki səviyyəyə tam qayıtmaya bilər.