Azərbaycan Türkiyənin "kiçik qardaşı" olmaqdan çıxır? Siyasi təhlilçi Əhməd Əlili ilə müsahibə

- Müəllif, Səadət Akifqızı
- Vəzifə, BBC News Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 3 dəq
Azərbaycan və Türkiyə arasında yaşanan gərginliyin səbəbləri nədir?
Siyasi şərhçi Əhməd Əlili BBC Azərbaycancaya müsahibəsində iki ölkə arasında münasibətləri təhlil edib.
Video açılmırsa, Youtube kanalımızda baxın.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Türkiyə-Azərbaycan münasibətlərində nə dəyişir?
Əhməd Əlili hesab edir ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasını təşkil edən strateji əməkdaşlıq dəyişməsə də, tərəflər arasındakı münasibətlər daha praqmatik məzmun qazanır.
Onun fikrincə, indi əlaqələr təkcə tarixi və mədəni yaxınlıq üzərində deyil, konkret siyasi və iqtisadi maraqlar üzərində qurulur.
Bu isə müəyyən fikir ayrılıqlarının daha açıq görünməsinə səbəb olur, o deyir.
Ekspert bunu münasibətlərdə böhran deyil, tərəfdaşlığın yeni mərhələyə keçməsi kimi qiymətləndirir: "Münasibətlər əvvəlki kimi qalır, sadəcə fərqli baxışlar daha görünən olur".
Azərbaycanın Türkiyədəki milyardlıq sərmayəsi münasibətlərə necə təsir edir?
Əhməd Əlili bildirir ki, son illərdə Azərbaycanın Türkiyəyə yatırdığı böyük sərmayələr iki ölkə arasındakı münasibətlərin mühüm elementinə çevrilib.
Xüsusilə enerji və sənaye layihələri Bakının Türkiyə iqtisadiyyatındakı rolunu artırıb, o deyir.
Eskpertin sözlərinə görə, bu vəziyyət Azərbaycanı yalnız siyasi müttəfiq deyil, həm də əhəmiyyətli iqtisadi tərəfdaş kimi önə çıxarır.
Əhməd Əlili hesab edir ki, iqtisadi əlaqələrin genişlənməsi münasibətlərdə qarşılıqlı asılılığı da artırır.
Onun təbirincə, bu səbəbdən Ankara-Bakı əlaqələrini artıq yalnız "qardaşlıq" çərçivəsində izah etmək çətinləşir: "Azərbaycan Türkiyəyə böyük həcmdə sərmayə yatırıb və bu, münasibətlərdə yeni reallıq yaradıb".
"Kiçik qardaş" anlayışı niyə müzakirə olunur?
Əhməd Əlili deyir ki, Azərbaycanın iqtisadi və siyasi imkanlarının genişlənməsi Azərbaycanın Türkiyə ilə münasibətlərində "kiçik qardaş" kimi təqdim edilməsi yanaşmasına baxışın dəyişməsinə səbəb olub.
Onun fikrincə, Azərbaycan cəmiyyətində ölkənin daha çox bərabər tərəfdaş kimi qəbul edilməsinə meyil güclənir.
Eyni zamanda ekspert vurğulayır ki, bu dəyişiklik Türkiyə ilə yaxın münasibətlərdən imtina anlamına gəlmir.
O deyir ki, söhbət münasibətlərin daha balanslı şəkildə qiymətləndirilməsindən gedir: "Azərbaycanın Türkiyənin kiçik qardaşı kimi təqdim olunması artıq hər kəs tərəfindən qəbul edilən model deyil".
Son mübahisələr nəyi göstərir?
Ekspert hesab edir ki, son aylarda baş verən polemikalar iki ölkə arasında əvvəllər daha az görünən fikir ayrılıqlarını üzə çıxarıb.
Onun sözlərinə görə, yaxın müttəfiqlər arasında müxtəlif məsələlərə fərqli yanaşmaların olması təbii haldır.
Əhməd Əlili bildirir ki, bu cür müzakirələri münasibətlərdə ciddi gərginliyin göstəricisi kimi dəyərləndirmək doğru olmazdı.
Onun təbirincə, əksinə, tərəflər öz mövqelərini daha sərbəst ifadə etdikcə belə fərqlər daha çox görünür.
Ekspert bunu münasibətlərin zəifləməsi deyil, normal siyasi proses kimi qiymətləndirir.
Strateji əməkdaşlığın əsasları dəyişirmi?
Əhməd Əlili deyir ki, Azərbaycan və Türkiyəni birləşdirən əsas təhlükəsizlik və geosiyasi maraqlar dəyişməyib.
O qeyd edir ki, müdafiə sahəsində əməkdaşlıq, enerji layihələri və regional siyasət iki ölkə arasındakı strateji tərəfdaşlığın əsas sütunları olaraq qalır.
Əhməd Əlili hesab edir ki, bu amillər tərəflərin bir-birindən uzaqlaşmasına imkan vermir.
Onun fikrincə, ayrı-ayrı mübahisələr əməkdaşlığın ümumi mənzərəsini dəyişəcək səviyyədə deyil.
Buna görə də yaxın perspektivdə Bakı-Ankara münasibətlərinin əsas istiqamətinin qorunacağı gözlənilir.
"Təhlükəsizlik və regional maraqlar Azərbaycana və Türkiyəyə bir-birindən uzaqlaşmağa imkan vermir", - o vurğulayır.
Münasibətlərin gələcəyini hansı amillər müəyyənləşdirəcək?
Əhməd Əlili hesab edir ki, gələcəkdə Türkiyə-Azərbaycan münasibətlərində iqtisadi əməkdaşlıq, enerji layihələri və regional geosiyasi proseslər daha mühüm rol oynayacaq.
Onun sözlərinə görə, emosional ritorika öz əhəmiyyətini saxlasa da, qərarlar getdikcə daha çox praktik maraqlar əsasında formalaşacaq.
Ekspert bildirir ki, hər iki ölkə strateji tərəfdaşlığı davam etdirməyə çalışarkən öz milli maraqlarını da daha açıq müdafiə edəcək.
Bu isə münasibətlərin daha institusional xarakter almasına gətirib çıxara bilər.
Onun fikrincə, tərəflər arasındakı əlaqələr yeni dövrün reallıqlarına uyğun şəkildə transformasiya olunur.
"Münasibətlər getdikcə daha çox qarşılıqlı maraqlara əsaslanan modelə yaxınlaşır", - siyasi təhlilçi deyir.


























