"Qardaşınızıq, bankınız deyilik": Türkiyə-Azərbaycan gərginliyində pul məsələsi

İlham Əliyev və Recep Tayyip Erdoğan
    • Müəllif, Könül Xəlilova
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi
  • Oxuma vaxtı: 8 dəq

2026-cı ilin oktyabrında Bakı ilə Ankara arasında qızışan gərginlik Netanyahunun BMT-də çıxışı zamanı Azərbaycanın zalı tərk etməməsi və məktəblərdə hicab məsələsi ilə başladı, İlham Əliyevin silahların qiymətindən danışdığı çıxışla, daha sonra ölkəyə giriş qadağaları, prezident müşavirinin vəzifədən kənarlaşdırılması ilə davam etdi.

Oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatlarının sammitində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Şəklin alt yazısı, Oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatlarının sammitində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil etdi.

Amma bu siyasi və mədəni mübahisənin altında daha köklü bir məsələnin dayana biləcəyini hökumətə yaxın Day.az saytında yayımlanan yazı göstərdi.

"Azərbaycanın büdcəsi Türkiyə hakimiyyətinin ehtiyat fondu deyil!" - saytın 18 oktyabrda yayımladığı məqalədə deyilirdi.

Bu da başqa sual yaratdı: "bir millət, iki dövlət" münasibətlərində pul məsələsi harada başlayır, qardaşlıq harada bitir?

Əgər Day.az hökumətdəki əhvalı əks etdirirsə, Bakının mesajını belə oxumaq mümkündür: Azərbaycan Türkiyənin ən böyük investorlarından və ən yaxın müttəfiqlərindən biri olaraq qalacaq, amma onun maliyyə dayağına çevrilmək istəmir.

Milyardlarla dollarlıq münasibət

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, həyat yoldaşı Emine Erdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva 15 iyun 2021-ci ildə Şuşada keçirilən şənlikdə iştirak edirlər.
Şəklin alt yazısı, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, həyat yoldaşı Emine Erdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva 15 iyun 2021-ci ildə Şuşada keçirilən şənlikdə iştirak ediblər.

Azərbaycanın dövlət enerji şirkəti SOCAR Türkiyənin ən böyük xarici investorudur. Şirkətin enerji, neft-kimya və logistika sahələrinə ümumi investisiyaları 18 milyard dolları ötür - bu, SOCAR Türkiyə rəhbərliyinin açıqlamasıdır.

SOCAR-ın Türkiyədəki əsas aktivləri arasında 2018-ci ildə istifadəyə verilmiş və şirkətə təxminən 7 milyard dollara başa gəlmiş STAR neft emalı zavodu, həmçinin 2008-ci ildə SOCAR portfelinə daxil olmuş Petkim var. SOCAR Türkiyə rəhbərliyinin məlumatına görə, şirkətlər qrupunda 5 minə yaxın insan işləyir.

Amma iqtisadi asılılıq qarşılıqlıdır. Türkiyə Azərbaycan qazının Avropaya çıxışında əsas tranzit ölkədir, Azərbaycan isə Türkiyənin mühüm qaz təchizatçılarındandır. 2026-cı ilin iyununda imzalanmış 15 illik razılaşmaya görə, 2029-cu ildən "Abşeron" yatağından Türkiyəyə ümumilikdə 33 milyard kubmetr qaz nəql olunmalıdır.

Bu münasibətlərin iqtisadi tərəfi uzun müddət "bir millət, iki dövlət" şüarının kölgəsində qalmışdı. Ta ki İlham Əliyev, türklər demişkən, o cümləni "kullanana" qədər - silahları "son gülləsinə qədər" pulla aldıqlarını, "bizə heç kim yardım etmədi" deyənə qədər. Və Əliyev hökumətinə yaxın Day.az Türkiyəyə faktiki olaraq "biz sizin bankınız deyilik" mesajını verənə qədər.

Türkiyəyə Azərbaycandan 1 milyard avro

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Əslində bu əhvalat dörd il əvvələ gedib çıxır.

2021-ci ildə lirə kəskin dəyər itirirdi və Ankara müxtəlif ölkələrlə mərkəzi banklar arasında svop sazişləri axtarırdı. Türkiyədəki mənbələr Reuters-ə Azərbaycanı razılaşmaya yaxın ölkələrdən biri kimi göstərmişdilər.

2022-ci ilin yanvarında isə iki türk rəsmisi Middle East Eye-a Azərbaycanla 1 milyard avroluq svop razılaşmasının bir neçə həftə ərzində əldə oluna biləcəyini deyirdi.

Amma Bakı danışıqlar aparıldığını açıq şəkildə təkzib etdi. Azərbaycan Mərkəzi Bankının sədri mərkəzi bankların "bu məsələ ilə bağlı heç bir danışıqlar aparmadığını" bildirdi.

Ancaq həmin günlərdə başqa bir şey baş verdi: Azərbaycan Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında altı aylıq müddətə 1 milyard avro depozit yerləşdirdi.

ARDNF isə bunun investisiya strategiyası çərçivəsində həyata keçirildiyini xüsusi vurğuladı.

Fərq vacib idi.

Svop iki ölkənin mərkəzi bankları arasında maliyyə öhdəliyi yaradır və siyasi baxımdan "sizin valyutanızın arxasındayıq" mesajı kimi də oxuna bilər.

Neft Fondunun müddətli depoziti isə investisiya kimi təqdim edilirdi.

Yəni Türkiyə pul aldı, amma Bakı bunu maliyyə xilası və ya siyasi təminat kimi təqdim etmədi. Yəni, "sərmayəçin olaram, zəifləmiş lirənə zamin durmaram".

2026: münasibətlərdə zəlzələ

Bu payızda dəyişən bəlkə də siyasətin özü deyil, onun daha açıq ifadə edilməsidir.

Azərbaycan məktəbli formaları ilə bağlı qaydalara dəyişiklik etdikdən sonra Erdoğanın artıq istefa etmiş keçmiş müşaviri Oktay Saral qərarı "qəbuledilməz" adlandırdı. Erdoğanın özü hicaba qadağa qoyan ölkələri BMT tribunasında pislədi.

Erdoğanın sözlərinin ardınca İlham Əliyevin YAP qurultayındakı çıxışı gəldi. O dedi ki, heç kim Azərbaycana nə edəcəyini diqtə edə bilməz.

"Bizim heç kimin köməyinə, himayəsinə ehtiyacımız yoxdur... Nə əldə etmişiksə, öz pulumuzla almışıq. Bütün silahlarımızı da dünya bazarı qiymətinə, son gülləsinə qədər pulla almışıq", dedi Prezident Əliyev.

Əliyev həmçinin bəzi hallarda Azərbaycana dünya bazarından bir neçə dəfə yüksək qiymət təklif edildiyini söylədi.

Türkiyənin adı çəkilmədi. Amma hökumətyönlü şərhlərdə bu sözlər belə yozuldu: əgər Azərbaycan silahları tam qiymətə, hətta bəzən daha baha alıbsa, Ankara ilə münasibət yalnız "qarşılıqsız qardaşlıq" hekayəsi üzərindən təqdim edilə bilməz.

Day.az isə faktlarla danışdı

Sayt SOCAR-ın Türkiyəyə milyardlarla dollarlıq sərmayələrini, türk şirkətlərinin Qarabağdakı layihələrini və qarşılıqlı investisiyaları sadaladıqdan sonra 2018-ci ildə Türkiyəyə böyük maliyyə dəstəyi verən Qətəri xatırlatdı.

Yazıda cümlələr belə idi: "Bakını yeni Qətərə çevirmək lazım deyil. Azərbaycan büdcəsi Türkiyə hökumətinin rezerv fondu deyil".

Hökumətyönlü bu sayt işarə vururdu ki, "iki dövlət" iki suverenlik və iki büdcə deməkdir. "Qardaşlar, bəli. Pul kisəsi, yox" - day.az belə yazırdı.

Bu məsələ rəsmilər tərəfindən hələ ki, dilə gətirilməyib. Politoloq Şahin Cəfərli BBC Azərbaycancaya deyir ki, Bakıda Türkiyə hökumətinin ölkəsindəki iqtisadi çətinliklərə görə Azərbaycandan daha çox investisiya və maliyyə dəstəyi istəməsi barədə söz-söhbətlər geniş yayılıb.

"Belə söz-söhbətlər çox geniş yayılıb. Hakimiyyətə yaxın mediada çalışan jurnalistlər arasında da bu söhbətlər var", - Cəfərli deyir. O, bununla bağlı rəsmi açıqlama olmadığını vurğulayaraq, bu iddiaları "spekulyasiya" adlandırır.

Türkiyə rəsmiləri Azərbaycanla maliyyə münasibətlərini yardım və ya borc münasibəti kimi deyil, qarşılıqlı investisiyaların, ticarətin və birgə layihələrin artırılması kimi təqdim edirlər.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz keçən il Bakıda keçirilən Türkiyə-Azərbaycan İnvestisiya Forumunda bunu belə ifadə edib: "Qarşılıqlı investisiyalarımızı artıraq, eyni zamanda üçüncü ölkələrdə birlikdə investisiya qoyaq."

Niyə Qətər?

Qətərin 2018-ci ildə Türkiyəyə dəstəyi təkcə pulun məbləği ilə deyil, yaratdığı siyasi təsəvvürlə əhəmiyyətli idi: Doha Ankaranın maliyyə dayaqlarından birinə çevrildi.

2022-ci ilin əvvəlinə Türkiyənin Çin, Qətər və Cənubi Koreya ilə təxminən milyardlarla dollarlıq svop razılaşmaları var idi.

Azərbaycan isə belə bir rolun maliyyə və siyasi risklərini qəbul etməmiş ola bilər.

Birincisi, maliyyə dayağına çevrilmək Azərbaycan ehtiyatlarını və Neft Fondunun vəsaitlərini Bakının nəzarət etmədiyi Türkiyə pul siyasətinə bağlaya bilər.

İkincisi, təhlilçilərə görə, Azərbaycan xüsusilə 2020-ci ildən sonra özünü Türkiyənin kiçik tərəfdaşı deyil, suveren və bərabər müttəfiqi kimi təqdim edir.

Ankaranın "pul kisəsi"nə çevrilmək bu təsəvvürlə ziddiyyət təşkil edərdi.

Politoloq Əhməd Əlili BBC Azərbaycancaya deyir ki, Azərbaycanın Türkiyə üçün "yeni Qətərə" çevrilməsi ilə bağlı narahatlıq var. Amma onun fikrincə, Azərbaycanın Türkiyədəki sərmayələri siyasi təzyiq vasitəsi deyil, Bakının bu münasibətlərdə yalnız dəstək alan tərəf olmadığına dair arqument kimi təqdim olunur.

"Azərbaycanın Türkiyədəki iqtisadi iştirakı Türkiyənin Azərbaycandakı iştirakından daha böyükdür", - Əlili iddia edir.

Bu, Azərbaycanın Türkiyədən iqtisadi cəhətdən uzaqlaşması demək deyil.

SOCAR Türkiyədə təxminən 7 milyard dollarlıq əlavə neft-kimya investisiyasını nəzərdən keçirir. Hələ yekun qərar verilməyib.

Eyni zamanda "Abşeron" razılaşması Azərbaycan qazının Türkiyəyə uzunmüddətli tədarükünü nəzərdə tutur.

Cevdet Yılmaz bildirib ki, Türkiyədən Azərbaycana birbaşa investisiyalar təxminən 18 milyard dollar, Azərbaycandan Türkiyəyə yatırımlar isə 21 milyard dollara yaxın olub

Yəni iqtisadi münasibətlər davam edir və genişlənə də bilər.

Amma bu məntiqə görə Bakının çəkdiyi xətt başqa yerdədir: investisiya və ticarətə bəli, Türkiyənin dövlət maliyyəsinə dayaq olmağa yox.

Dost-dosta tən gərək...

Amma mənzərənin başqa tərəfi də var.

2020-ci ilin 2-ci Qarabağ müharibəsində Türkiyənin verdiyi dəstəyin real olması ilə bağlı Azərbaycan hökuməti, ona yaxın medialar çox danışıb. Hərbi əməkdaşlıq, təlim və diplomatik dəstək Bakı üçün mühüm əhəmiyyət daşıyırdı.

"...o vaxtlar bizim Türkiyəyə daha çox ehtiyacımız var idi," - Şahin Cəfərli deyir.

"Hər nə qədər, məsələn, etiraf edilməsə də bu, söylənilməsə də, bu faktdır ki, işğal dövründə Azərbaycan-Türkiyə münasibətləri daha çox böyük qardaş-kiçik qardaş münasibətlərinə daha uyğun idi. Yəni Türkiyə türkcəsi ilə desək, abi-kardeş münasibətlərinə daha çox uyğun idi, xarakter etibarilə", - Şahin Cəfərli xatırladır.

"Artıq müharibədən sonrakı dövrdə, yəni qələbədən sonra Azərbaycan artıq özünü əvvəlki Azərbaycan hesab eləmir və İlham Əliyev özünü əvvəlki İlham Əliyev hesab eləmir", - Şahin Cəfərli bu günki vəziyyəti belə izah edir.

Əhməd Əlili də Türkiyənin 2020-ci ildə Azərbaycana siyasi, diplomatik və hərbi sahədə verdiyi dəstəyin əhəmiyyətini vurğulayır. Onun fikrincə, bunun müəyyən mənəvi və siyasi "qardaşlıq borcu" yaratdığını söyləmək olar.

"Lakin bunu konkret maliyyə öhdəliyinə və ya Azərbaycanın başqa geosiyasi məsələlərdə Türkiyənin mövqeyinə tabe olmasına çevirmək Azərbaycanın maraqlarına uyğun olmazdı", - Azərbaycan hökumətinin mövqeyini dəstəkləyən politoloq Əlili deyir.

Şahin Cəfərli də Azərbaycanın dəyişən mövqeyini vurğulayır: "Amma indi Azərbaycan artıq o cür münasibətlər istəmir. Azərbaycan artıq Türkiyə ilə də, yəni nə qədər qardaş dövlət olsa da, yaxın dövlət olsa da, necə ki, İran və Rusiya ilə olduğu kimi Türkiyə ilə də münasibətlərini tamamilə bərabər hüquqluluq çərçivəsinə oturtmaq istəyir."

Azərbaycanda belə bir atalar sözü var - "Dost dosta tən gərək, tən olmasa gen gərək".

Yəni ya mənimlə bərabərhüquqlu dost ol, ya da aramızda məsafə olsun.

Belə görünür ki, münasibətlərdə qardaşlıq ritorikası qalsa da, Bakı getdikcə daha çox bərabərhüquqlu tərəfdaşlıq gözləntisini önə çıxarır.

Yeni münasibət modeli?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev 10 dekabr 2020-ci il tarixində Qələbə Paradında əsgərləri seyr edirlər. Türkiyəli siyasi şərhçi Aydın Sezer hesab edir ki, artıq iki lider arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq.
Şəklin alt yazısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev 10 dekabr 2020-ci il tarixində Qələbə Paradında əsgərləri seyr edirlər. Türkiyəli siyasi şərhçi Aydın Sezer hesab edir ki, artıq iki lider arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq.

Hicab ətrafındakı mübahisə zamanla səngiyə bilər. Amma pul məsələsi daha qalıcıdır.

2022-ci ildəki "svop deyil, depozit" yanaşması ilə 2026-cı ildə hökumətyönlü mediada səslənən ritorika arasında bir xətt çəkmək mümkündür: Bakı Türkiyə ilə strateji münasibətləri qorumaq istəyir, amma bu münasibətlərin maliyyə öhdəliyinə çevrilməsinə həvəsli görünmür.

Əhməd Əlili bunu münasibətlərin zəifləməsindən çox, 2020-ci il müharibəsindən sonrakı emosional mərhələdən daha praktik mərhələyə keçid kimi qiymətləndirir.

"Qardaşlıq ritorikası və strateji müttəfiqlik qalır, amma münasibətlərdə suverenlik, bərabərlik, qarşılıqlılıq və praktiki maraqlar daha çox ön plana çıxır", - Əlili deyir.

Azərbaycan Türkiyədə milyardlarla dollar sərmayə yatırmağa, onu qazla təmin etməyə və iqtisadi əlaqələri genişləndirməyə davam edə bilər.

Amma ortaya çıxan yeni mesaj belədir: Qardaşlıq öz yerində, hesablar isə ayrıdır.

Day.az Türkiyə şirkətlərinin Qarabağdakı milyardlarla dollarlıq layihələrini və Azərbaycanın 2023-cü il zəlzələsindən sonra Türkiyəyə yardımını - Kahramanmaraşda "Azərbaycan" yaşayış kompleksinin tikintisinə təxminən 100 milyon dollar ayrıldığını xatırladaraq Bakının bunun qarşılığında "hesab təqdim etmədiyini" vurğulayır.

Sayt həmçinin "Qarabağ uğrunda azərbaycanlı əsgər döyüşüb, təchizatçı yox" deyərək Türkiyənin 2020-ci ildəki dəstəyinin Azərbaycanın daimi siyasi və ya maliyyə borcu kimi təqdim olunmasına etiraz edir.

Beləliklə, məsələ təkcə "Azərbaycan Türkiyənin bankı olmaq istəmir" deyil, həm də Bakı "bir millət, iki dövlət" münasibətlərində kimin kimə borclu olduğu barədə təsəvvürü dəyişməyəmi çalışır sualını ortaya çıxarır.

Şahin Cəfərli isə bütün bu gərginliyə baxmayaraq, münasibətlərdə qırılma gözləmir.

"Azərbaycan-Türkiyə münasibətlərində bir qırılma olarsa, bunu nə Azərbaycan hakimiyyəti öz xalqına, nə də Türkiyə hakimiyyəti öz xalqına izah edə bilər", - o deyir.

Onun fikrincə, iki ölkə arasında münasibətlər "qırılmayacaq və qopmayacaq dərəcədə möhkəm təməllərə" malikdir.

Türkiyədən siyasi şərhçi Aydın Sezer hesab edir ki, İsrail və hicab məsələləri də daxil olmaqla yığılan fikir ayrılıqları Əliyev-Erdoğan münasibətlərini zədələyib.

"Əliyev və Erdoğan hakimiyyətdə qaldıqları müddətdə iki ölkə arasındakı münasibətlər, iki lider arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq", - o BBC Azərbaycancaya müsahibəsində deyib.

Oktyabrın 29-30-da Türk Dövlətləri Təşkilatlarının Ankarada keçirilən sammitində Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə ad çəkmədən deyib ki, "türk dünyasının ailə fotosunda bölünməyə, nifaqa və ya münaqişəyə yer yoxdur".

Bu məqalənin hazırlanmasında Səadət Akifqızı da iştirak edib.