İlham Əliyev Ankaraya niyə getmədi? 5 suala cavabda

Şəklin mənbəyi, Getty Images
- Müəllif, BBC Azərbaycanca redaksiyası
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən sammitində iştirak etməməsi Bakı-Ankara münasibətlərinin hazırkı vəziyyətinin nə qədər gərgin olması barədə müzakirələr yaradıb.
Rəsmi məlumata görə, Prezident əvvəlcədən müəyyən edilmiş proqram əsasında Azərbaycanda keçirilən FİFA U-15 dünya çempionatının bağlanış və mükafatlandırma mərasimində iştirak edəcək.
Azərbaycanı sammitdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Lakin hökumətyönlü APA agentliyi və digər hökumətyönlü media orqanları qərarı Türkiyədə son həftələrdə Azərbaycan hakimiyyətinə qarşı səslənən tənqidlər, rəsmi Ankaranın bunlara reaksiyası və diplomatik qarşılıqlılıq prinsipi ilə əlaqələndirirlər.
Bəs İlham Əliyevin Ankaraya getməməsi nə deməkdir və Azərbaycan hakimiyyətinin mövqeyi niyə rəsmi bəyanatdan çox ona yaxın media vasitəsilə izah olunur?
1. İlham Əliyev Ankaradakı TDT sammitində niyə iştirak etmir?
Hakimiyyətyönümlü media bunu Prezident İlham Əliyevin əvvəlcədən müəyyən edilmiş proqramının olması ilə izah edir. O, Azərbaycanda keçirilən FİFA U-15 dünya çempionatının bağlanış və mükafatlandırma mərasimində iştirak edəcək.
Azərbaycanı Türk Dövlətləri Təşkilatının Ankara sammitində xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Azərbaycan rəsmiləri Prezidentin səfər etməməsinin başqa səbəbi barədə ayrıca açıqlama verməyiblər.
Ancaq hökumətyönlü medialarda bir-birinə çox bənzər məzmunlu təhlillər göstərir ki, bu, əslində həm də siyasi etirazdır.
İlham Əliyevin tədbirə qatılmaması ilə bağlı Türkiyə tərəfdən rəsmi şərh olmasa da, sammitdə Prezident Recep Tayyip Erdoğan ad çəkmədən deyib ki, "türk dünyasının ailə fotosunda bölünməyə, nifaqa və ya münaqişəyə yer yoxdur".

Şəklin mənbəyi, Getty Images
2. Hökumətyönlü media bunu necə izah edir?
APA agentliyi İlham Əliyevin Ankaraya getməməsini daha geniş siyasi kontekstdə izah edib.
Agentliyin yazısında bildirilir ki, son həftələrdə Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycan-İsrail münasibətləri, Azərbaycandakı məktəbli forması və hicab mübahisəsi, eləcə də BMT Baş katibi postuna mümkün namizədlər məsələsi üzərindən Azərbaycana və onun rəhbərliyinə qarşı kampaniya aparılıb.
APA bu çıxışları ayrı-ayrı tənqidlər deyil, Azərbaycana qarşı "sistemli, idarəedilən və məqsədli" kampaniya kimi təqdim edir. Agentlik rəsmi Ankaranın bu prosesə gec müdaxilə etdiyini və bunun Bakıda narazılıq yaratdığını irəli sürür.
Belə təhlillər bir çox hökumətyönlü medialarda yer alıb, amma bu, Azərbaycan hökumətinin rəsmi bəyanatı deyil.
Lakin hakimiyyətə yaxın medianın Prezidentin səfər etməməsini belə geniş siyasi çərçivədə izah etməsi Bakının narazılığını qeyri-rəsmi yolla çatdırması kimi qiymətləndirilə bilər.
3. Türkiyə ilə narazılığın əsas səbəbləri nədir?
Azərbaycan hökumətinə yaxın medialardakı yazılardan Bakının narazılığa bunların səbəb olduğu görünür:
- Türkiyədə Azərbaycanın İsraillə münasibətlərinə görə hədəfə alınması;
- Azərbaycandakı məktəbli forması və hicab mübahisəsinin Türkiyə mediasında təhrif olunmuş şəkildə təqdim edildiyi iddiası;
- Azərbaycanın BMT Baş katibi postuna Türkiyənin mümkün namizədi Feridun Sinirlioğlunu deyil, Birləşmiş Ərəb Əmirliklərinin namizədini dəstəkləməsi barədə ittihamlar.
APA yazır ki, Türkiyə Feridun Sinirlioğlunun namizədliyini hələ rəsmən irəli sürmədiyi üçün Azərbaycanı ona dəstək verməməkdə ittiham etmək əsassızdır.
Agentlik həmçinin Türkiyədə Azərbaycan səfirlikləri qarşısında keçirilən aksiyaları, Azərbaycan rəhbərliyinin ünvanına səslənən sərt ittihamları və rəsmi Ankaranın bunlara gec reaksiya verdiyini Bakının narazılığının səbəbləri sırasında göstərir.
Bunlar APA-nın və oxşar mövqedə təhlillər dərc edən media orqanlarının qiymətləndirmələridir. Onların Azərbaycan hökumətinin rəsmi mövqeyi olduğu ayrıca elan edilməyib.
4. Hakimiyyətin mövqeyi niyə rəsmi açıqlama ilə deyil, ona yaxın media vasitəsilə çatdırılır?
Türkiyə ilə münasibətlər Azərbaycanda rəsmi səviyyədə strateji tərəfdaşlıq və "bir millət, iki dövlət" prinsipi ilə təqdim olunur. Buna görə Ankaraya ünvanlanan sərt rəsmi bəyanat iki ölkə arasında açıq diplomatik qarşıdurma görüntüsü yarada bilər.
Hökumətə yaxın media vasitəsilə verilən mesaj isə Bakıya narazılığını göstərmək, eyni zamanda bunu rəsmi dövlət mövqeyi səviyyəsinə qaldırmamaq imkanı verir.
Bu yanaşmanın üç mümkün məqsədi görünür:
- Türkiyədəki Azərbaycan əleyhinə çıxışların Bakı tərəfindən diqqətlə izlənildiyini Ankaraya çatdırmaq;
- İlham Əliyevin TDT kimi Azərbaycan üçün əhəmiyyətli təşkilatın sammitinə qatılmamasını daxili auditoriyaya izah etmək;
- Münasibətlərin sonradan yumşaldılması üçün diplomatik manevr imkanını qorumaq.
Belə umu-küsü təhlilləri Türkiyə, eləcə də köhnə müttəfiq Rusiya ilə münasibətlərdə əvvəlki gərginliklər zamanı da ortaya çıxıb.
5. İlham Əliyevin getməməsi Azərbaycan–Türkiyə münasibətlərində böhran deməkdirmi?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hələlik bunu böhran kimi qiymətləndirmək üçün kifayət qədər rəsmi əsas yoxdur. APA da Azərbaycanın Türk Dövlətləri Təşkilatından uzaqlaşmadığını, təşkilatın qurucularından biri kimi fəaliyyətini davam etdirəcəyini vurğulayır.
Agentlik, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın daha əvvəl Azərbaycanda keçirilən bəzi tədbirlərdə iştirak etmədiyini xatırladaraq diplomatiyada qarşılıqlılıq prinsipini önə çəkir. Nümunə kimi Erdoğanın 2024-cü ildə Şuşada keçirilmiş TDT-nin qeyri-rəsmi sammitinə qatılmaması göstərilir.
Buna baxmayaraq, APA və digər hökumətyönlü media orqanlarının qərarı geniş siyasi kontekstdə izah etməsi Bakının Türkiyədəki son çıxışlardan narazı olduğunu göstərən qeyri-rəsmi mesaj sayıla bilər.
Bu mesajın mahiyyəti belə görünür: Azərbaycan Türkiyə ilə yaxın münasibətləri qorumaq istəyir, amma bu münasibətlərin Bakının xarici siyasətini Ankaranın siyasi və ideoloji gözləntilərinə uyğunlaşdırması kimi başa düşülməsini qəbul etmir.
Politoloq Şahin Cəfərli hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan özünü artıq kənar dəstəyə ehtiyacı olan kiçik dövlət deyil, regional və qlobal münasibətlərdə "orta güc" statusuna iddia edən yeni oyunçu kimi görür.
"...qələbədən sonra Azərbaycan artıq özünü əvvəlki Azərbaycan hesab eləmir və İlham Əliyev özünü əvvəlki İlham Əliyev hesab eləmir. Azərbaycan artıq, həm regional geosiyasətdə, həm də qlobal münasibətlərində özünü fərqli bir şəkildə, bir oyunçu kimi təqdim edir", - o, BBC News Azərbaycancaya müsahibəsində deyib.


























