İlham Əliyev Türkiyədəki sammitə "getməyəcək"

İlham Əliyev və Erdoğan
Şəklin alt yazısı, Oktyabrın 21-də Prezident Erdoğan telefon danışığında Prezident Əliyevi Ankaradakı sammitə dəvət edib.
Çap edildi
Oxuma vaxtı: 2 dəq

Azərbaycan Prezidenti İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə "iştirak etməyəcək", bu barədə bu gün Azərbaycandakı hökumət yönümlü medialar yazıb.

Azərbaycan mediasının yaydığı məlumata görə, buna səbəb Prezidentin əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və iş qrafikinin sıxlığıdır.

Oktyabrın 30-da İlham Əliyev Bakıda keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. TDT sammitində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan telefon danışığı zamanı İlham Əliyevi Ankaradakı sammitə dəvət etmişdi.

Prezidentin sammitdə iştirak etməməsi Azərbaycanla Türkiyə arasında hicab və məktəbli geyimi məsələsi ətrafında yaranmış fikir ayrılıqlarından sonra baş verir.

Hökumətyönlü media nə yazır?

Azərbaycanın APA agentliyi Prezidentin Ankaraya getməməsini son həftələr Türkiyədə Azərbaycan hakimiyyətinə qarşı səslənən tənqidlərə baxaraq şərh edib.

APA yazır ki, rəsmi proqramla yanaşı, səfərin baş tutmamasına "daha geniş" kontekstdə də baxmaq mümkündür. Agentlik iddia edir ki, Türkiyədə son bir ayda Azərbaycana qarşı kampaniyanın güclənib.

Agentlik bunun əsas mövzuları sırasında Azərbaycanın İsraillə əməkdaşlığını və son həftələr məktəblərdə hicabla bağlı yaranmış mübahisəni göstərir.

APA Türkiyədəki bəzi islamçı və hakim AKP-yə yaxın çevrələri Azərbaycan əleyhinə kampaniya aparmaqda ittiham edir və rəsmi Ankaranın buna "gec reaksiya" verdiyini yazır.

Agentlik həmçinin Türkiyə cəmiyyətində Azərbaycanla bağlı "qeyri-sağlam münasibətin" formalaşdığını iddia edir.

Erdoğan "Şuşaya yox, matça getdi"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Təhlildə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın əvvəllər Azərbaycanda keçirilən bəzi tədbirlərdə, o cümlədən 2024-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi sammitində iştirak etmədiyi xatırladılır.

APA bu hissəyə"Diplomatiyada hər şey qarşılıqlıdır" başlığını verərək İlham Əliyevin Ankara sammitinə getməməsini "tamamilə düzgün qərar" adlandırır.

Agentlik eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərində "rasionallığın önə çıxdığını" yazır və bildirir ki, "dostluq, qardaşlıq davam etsə də, hər kəsin öz dövləti və öz marağı var".

Bununla belə, Prezidentin Ankaradakı sammitə Türkiyədə Azərbaycana qarşı səslənən tənqidlərə cavab olaraq getmədiyinə dair rəsmi açıqlama yoxdur. Azərbaycan mediasında yayılan rəsmi izah onun əvvəlcədən müəyyən edilmiş proqramı və iş qrafikidir.

Elə həmin gün İlham Əliyev Rəcəb Tayyib Erdogana Türkiyənin Respublika Günü münasibətilə göndərdiyi təbrikdə Azərbaycan və Türkiyəni "əsl dostluq və qardaşlıq tellərinin" bağladığını və münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdığını bildirib.

APA agentliyinin təhlilinin məzmununa çox yaxın təhlillər digər hökumətyönlü saytlarda da dərc olunub.