Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
"Seçkilərdə uduzduq." Vuçiç Serbiya seçkilərində tələbə etiraz hərəkatına məğlub olduğunu etiraf etdi
Serbiyanın uzunmüddətli lideri Aleksandr Vuçiç növbədənkənar parlament seçkilərində tələbə-etiraz hərəkatına məğlubiyyətini etiraf edib.
Hakim Serbiya Proqressiv Partiyasının (SPP) sədri Vuçiç bildirib ki, Tələbə Siyahısı hökumət qurmaq üçün lazım olan səs çoxluğunu təmin edəcək.
"Məlumat vermək istəyirəm ki, təbəqələşdirilmiş nümunədən əldə edilən məlumatlara görə, tamamilə aydındır: biz bu seçkiləri uduzduq. Etiraz hərəkatının iştirakçıları tərəfindən yaradılan Tələbə Siyahısı qalib gəldi. Onlar parlamentdə 135-140 yerə sahib olacaqlar, biz isə təxminən 105 yer alacağıq", - deyə hakim Serbiya Proqressiv Partiyasının (SPP) sədri Aleksandr Vuçiç tərəfdarlarına bildirib.
O deyib ki, rəhbəri olduğu partiyanın qazandığı səslər kifayət deyil.
Seçkidə fəallıq görünməmiş dərəcədə olub - 68 faiz.
Mübarizə demək olar ki, hakim partiya ilə yeni tələbə hərəkatı tərəfindən irəli sürülən "Tələbələr Qalib Gəlir" Siyahısı arasında olub.
Təhlilçilər "Tələbələr Qalib Gəlir" hərəkatını mövcud Serbiya hakimiyyətinin 2012-ci ildən bəri qarşılaşdığı ilk ciddi rəqib adlandırırdılar.
Təxminən iki ildir ki, Serbiya 1 noyabr 2024-cü ildə Novi-Sad dəmir yolu stansiyasında baş verən faciə ilə başlayan kəskin siyasi və sosial qütbləşmə yaşayır.
O vaxt hadisə nəticəsində 16 nəfərin ölümü ölkə daxilində etirazlara səbəb olub.
Aleksandr Vuçiçin tənqidçiləri faciəyə görə onun hökumətini korrupsiya və səhlənkarlıqda ittiham edirlər.
Ölkədə kütləvi etirazlar 2024-cü ilin dekabrından bəri davam edir.