Azərbaycan və Britaniya arasında strateji əməkdaşlıq bəyannaməsi 5 suala cavabda

Şəklin mənbəyi, Azertac
- Müəllif, BBC News Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 2 dəq
Noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Birgə Bəyannamə imzalayıblar.
Bəyannamənin məqsədi nədir, hansı sahələri əhatə edir?
1. Azərbaycan və Böyük Britaniya hansı sazişi imzalayıblar?
İlham Əliyev və Endi Börnhemin imzaladığı Birgə Bəyannamə Strateji Tərəfdaşlıq haqqında sənəddir.
Yəni bu bəyannamə ilə hər iki ölkə ikitərəfli münasibətləri rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.
Sənəd 1994 və 1998-ci illərdə imzalanmış razılaşmalara əsaslanır və icranın nəzərdən keçirilməsi, eləcə də gələcək prioritetlərin müəyyənləşdirilməsi üçün illik strateji tərəfdaşlıq görüşlərini təsis edir.
2. Tərəfdaşlığın əsas istiqamətləri hansılardır?
Bəyannamə üç əsas sütun üzərində qurulub:
- Müdafiə və təhlükəsizlik
- Ticarət, investisiya və iqtisadi artım
- Təhsil və innovasiya
Sənəddə, həmçinin bərpaolunan enerji, infrastruktur, nəqliyyat, rəqəmsal texnologiyalar, süni intellekt və xidmətlər sahələri prioritet istiqamətlər kimi müəyyən edilib.
İllik görüşlərin məqsədi bu geniş öhdəlikləri praktiki təşəbbüslərə çevirməkdir.
3. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq necə dəyişəcək?
Əvvəlki əməkdaşlıq bəyannamələrindən fərqli olaraq, bu dəfə sənəddə müdafiə sahəsində münasibətlərdən bəhs edir.
Sənəddə göstərilir ki, iki ölkə hərbi təlimləri, institusional potensialın gücləndirilməsini və qarşılıqlı fəaliyyət qabiliyyətini genişləndirməyi planlaşdırır.
Tərəflər həmçinin müdafiə sənayesi sahəsində layihələri nəzərdən keçirəcək və ortaq təhdidlərə cavab tədbirlərini əlaqələndirəcəklər.
Ancaq sənəd tərəflər arasında qarşılıqlı müdafiədən bəhs etmir.
Bununla belə, iki ölkə arasında daha dərin praktiki hərbi əməkdaşlıq üçün çərçivə yaradır.
Bunun əsası artıq 2025-ci ildə qoyulub.
Həmin vaxt iki ölkə Böyük Britaniyanın "indiyədək ən iddialı ikitərəfli müdafiə əməkdaşlığı proqramı" kimi xarakterizə etdiyi proqramı qəbul etmişdi.
4. Niyə enerji və investisiyalar münasibətlərdə mərkəzi yer tutur?
Böyük Britaniya otuz ildən artıqdır ki, Azərbaycanın enerji sektorunda fəal iştirak edir. Xüsusilə, bp şirkəti "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" daxil olmaqla əsas neft-qaz layihələrinin operatorudur.
Hazırda əməkdaşlıq karbohidrogenlərdən kənara çıxır.
Prioritetlərə günəş və dənizdə külək enerjisi, elektrik interkonnektorları, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar və təklif olunan Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi daxildir.
Azərbaycanın rəsmi məlumatlarına görə, Böyük Britaniyanın ölkəyə yatırdığı investisiyaların həcmi 39 milyard ABŞ dollarını ötür.
Bakı Böyük Britaniyanı Azərbaycanın ən böyük xarici investoru kimi təqdim edir.
5. Orta Dəhliz nədir və Böyük Britaniya onu niyə dəstəkləyir?
Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir.
Bu dəhlizin əsas xüsusiyyətlərindən biri də odur ki, Rusiyadan yan keçir.
Azərbaycan marşrutun Mərkəzi Asiya və Cənubi Qafqaz hissələri arasında əlaqələndirici rol oynadığı üçün mühüm əhəmiyyət daşıyır.
Böyük Britaniya üçün bu dəhlizin dəstəklənməsi logistika, infrastruktur, maliyyə və rəqəmsal bağlantı sahələrində kommersiya imkanları yarada, eyni zamanda Avrasiya ticarət marşrutlarını şaxələndirə bilər.
Azərbaycan üçün isə bu layihə ölkənin Asiya ilə Avropa arasında nəqliyyat və enerji qovşağına çevrilmək məqsədini gücləndirir.
Bununla belə, bəyannamə, əsasən, siyasi çərçivə sənədidir və onun əhəmiyyəti maliyyələşdirmədən, konkret layihələrdən və ölçülə bilən icra nəticələrindən asılı olacaq.


























