Ağıllı telefonlar danışıqlarımızı dinləyirmi?

Əllərində çoxlu üzük, biləklərində qolbaqlar olan mavi köynəkli bir qadın sarı üzlüklü bir iPhone modelli telefonda nəsə yazır.
Çap edildi
Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Artıq ağıllı telefonlarımızı nəinki yanımızdan ayırmırıq, heç əlimizdən də yerə qoymuruq.

Qiymət müqayisəsi saytı Uswitch tərəfindən aparılan araşdırma göstərib ki, Böyük Britaniyada 18–24 yaş arası gənclər gündə orta hesabla təxminən 4 saat 37 dəqiqə ağıllı telefonlardan istifadə edirlər.

Telefonlarımıza bu qədər diqqət ayırdığımız halda, onlar da bizə eyni diqqəti göstərirmi? Bir sözlə, telefonlarımız bizi dinləyirmi?

İnsanlar niyə telefonlarının onları dinlədiyini düşünür?

Sosial şəbəkələrdəki bir çox paylaşım telefonların sizi eşidə bildiyini, hətta fikirlərinizi oxuya bildiyini iddia edir. Məsələn, heç kiminləsə yun əlcəklər barəsində danışdıqdan sonra sosial şəbəkələrdə onların reklamlarını gördüyünüz olubmu?

Bu mövzu ilə bağlı TikTok-da 194 min axtarış var və bir paylaşım 250 mindən çox baxış toplayıb.

Sosial şəbəkələrdə insanlar şirkətlərin tətbiqlər vasitəsilə onları izləyə biləcəyinə dair narahatlıqlarını və sui-qəsd nəzəriyyələrini paylaşırlar. Bəzi insanlar isə bunların həqiqət olduğuna inanırlar.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Dostlarınızla müəyyən bir mövzu haqqında danışdıqdan sonra həmin mövzu ilə bağlı reklamlar görməyə başlasanız, bu, təsadüf də ola bilər. Lakin bu vəziyyətin niyə baş verdiyini sorğulamağınıza da səbəb ola bilər.

Müəyyən bir mövzu ilə bağlı məzmunlarla tez-tez qarşılıqlı əlaqədə olsanız, alqoritmlər sayəsində sosial şəbəkələrdə eyni növdə daha çox məzmun görə bilərsiniz.

Bu alqoritm qarşılıqlı əlaqədə olduğumuz, bəyəndiyimiz və paylaşdığımız paylaşımlara əsaslanaraq bizə hansı məzmunların göstəriləcəyinə qərar verir.

Telefonlarımız haqqında internetdə hansı iddialar irəli sürülür?

Bəzi məzmun yaradıcıları tətbiqlər vasitəsilə məlumatların toplandığını və bunun telefonun parametrlərini dəyişməklə dayandırmağın mümkün ola biləcəyini iddia edirlər. Lakin bu iddiaların doğruluğu sübut olunmayıb.

Bəzi insanlar şirkətlərin, hətta hökumətin onları izlədiyinə dair ehtimal nəzəriyyələrini internetdə paylaşırlar. Bunun mümkün səbəbləri haqqında da müxtəlif fikirlər mövcuddur.

Telefonum məni dinləyirmi?

Üç gənc əllərində fərqli modellərdə telefon tutublar.

Cavab həm bəli, həm də xeyrdir, lakin düşündüyünüz şəkildə deyil.

Əksər telefonlar Siri, Alexa və Google Assistant kimi səsli köməkçiləri aktivləşdirmək üçün bizi passiv şəkildə dinləyir. Bu sistemlər onlayn olaraq soruşduğunuz mövzuları axtara bilmək üçün "Hey Siri" kimi səsli əmrlər gözləyir.

Telefonlar həmçinin səsli köməkçilərin tətbiqlər kimi mövzularda fərdiləşdirilmiş tövsiyələr verə bilməsi üçün də bizi dinləyir.

Lakin söhbətlərimizin qeydə alındığını göstərən heç bir sübut yoxdur. Instagram-ın rəhbəri Adam Mosseri 2025-ci ilin oktyabrında paylaşdığı videoda sosial media platformasının tətbiq istifadəçilərini dinləməsi iddialarını təkzib edib.

Mosseri lentinizdə haqqında danışdığınız bir şeyi görməyinizin müxtəlif səbəbləri ola biləcəyini izah edib.

Onun sözlərinə görə, bu, təsadüf ola bilər, keçmişdə həmin mövzu ilə bağlı məzmunla qarşılıqlı əlaqədə olmuş ola bilərsiniz və ya bununla əlaqəli nəyisə axtarmış ola bilərsiniz.

Bununla yanaşı, reklamverənlərin istifadəçilərin profillərini yaratmaq üçün qabaqcıl üsulları mövcuddur.

Məsələn, məkan məlumatları, axtarış tarixçəsi və izləmə pikselləri almağı düşündüyünüz məhsulları təxmin etmək üçün kifayət qədər məlumat təmin edir.

Bundan əlavə, sosial media məlumatları vasitəsilə sizi dostlarınızla əlaqələndirə və onların axtardıqları şeylərlə sizin də maraqlana biləcəyinizi güman edə bilərlər.

Üstəlik, bu üsullar daim inkişaf edir və dəyişir.

Bəzi tətbiqlərin reklam məqsədilə istifadəçi fəaliyyətlərini qeydə aldığı hallar da mövcuddur.

2019-cu ildə ABŞ-ın Northeastern Universitetinin tədqiqatçıları dünyanın müxtəlif yerlərindəki Android tətbiq mağazalarından əldə edilmiş 17 min mobil tətbiqi sınaqdan keçirmişdilər.

Tədqiqatçılar hər hansı dinləmə fəaliyyətinə dair sübut tapmadılar. Lakin nisbətən kiçik bəzi tətbiqlərin istifadəçilərin telefonlarındakı fəaliyyətlərin ekran görüntülərini, hətta videolarını üçüncü tərəflərə göndərdiyini aşkar etdilər.

Bununla belə, bu proses reklam məqsədilə deyil, tətbiqlərin təkmilləşdirilməsi məqsədilə həyata keçirilirdi.

Telefonumun məni dinlədiyini düşünürəmsə, nə edə bilərəm?

BBC telefonlarımızın söhbətlərimizi "dinləməsi" ilə bağlı rəsmi məlumatın olub-olmadığını öyrənmək üçün Böyük Britaniya hökumətinin Elm, İnnovasiya və Texnologiya Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin nümayəndəsi BBC-yə bunları deyib:

"Tətbiqlər və sosial media platformaları yalnız istifadəsinə icazə verdiyiniz telefon funksiyalarına daxil ola bilər. Məsələn, fotoşəkillər üçün kameranıza və ya xəritələr üçün məkan məlumatlarınıza daxil ola bilərlər. Əvvəlcə sizdən icazə istəməli və buna nə üçün ehtiyac duyduqlarını izah etməlidirlər. Siz isə "Xeyr" deyə və ya bu icazələri telefonunuzun parametrlərindən dəyişə bilərsiniz".

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya Nazirliyi şəxsi məlumatlarınızla bağlı narahatlığınız varsa, həmçinin aşağıdakı addımları atmağı tövsiyə edir:

  • Güclü parollardan istifadə edin və onları heç kimlə paylaşmayın.
  • Elektron poçt hesabı kimi vacib hesablarınızı qorumaq üçün iki mərhələli doğrulamadan və ya keçid açarlarından (passkeys) istifadə edin.
  • Tətbiqi yükləməzdən əvvəl onun icazələrini yoxlayın.
  • Şəxsi məlumatlarınızı yalnız etibar etdiyiniz internet saytları ilə paylaşın.
  • İnternetdə şəxsi məlumatlarınızı paylaşmazdan əvvəl diqqətlə düşünün.
  • Sosial media platformalarının məxfilik parametrlərindən istifadə edin.