Azərbaycan, Ermənistan və ABŞ Tramp marşrutu üzrə işə başlayır

Şəklin mənbəyi, Getty/BBC
TRİPP layihəsi üzrə Azərbaycan, Ermənistan və ABŞ-ın üçtərəfli texniki planlaşdırma qrupu yaradılıb.
Bu barədə Azərbaycan, Ermənistan və ABŞ-ln yaydığı birgə bəyanatda deyilir.
"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlanan regional nəqliyyat layihəsi Ermənistandan keçməklə Naxçıvanı Azərbaycanın qalan ərazisinə birləşdirən quru yoldur.
Birgə bəyanata görə, qərar ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə qəbul olunub.
Tərəflər ilkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi sahələri üzrə iki texniki işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Bəyanatda bildirilir ki, bu qruplar regionda infrastruktur əlaqələrinin qurulması, texniki problemlərin həlli və layihənin növbəti mərhələlərinə keçid üçün çalışacaq.
Sənəddə qeyd olunur ki, TRIPP təşəbbüsü regionda uzunmüddətli sabitliyə, iqtisadi əməkdaşlığa, nəqliyyat əlaqələrinin genişlənməsinə və ticarətin inkişafına töhfə verməyi hədəfləyir.
Tərəflər layihənin bütün elementlərinin mümkün qədər tez icrasına sadiq olduqlarını da bəyan ediblər.
TRIPP nədir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
ABŞ Prezidenti Donald Trump-ın adını daşıyan layihə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu və qısaca Tramp marşrutu adlanır.
Azərbaycan bu marşrutu həm də Zəngəzur dəhlizi adlandırır.
Layihə ilə bağlı razılıq 2025-ci ilin avqustunda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən görüşdə əldə edilib.
Həmin vaxt Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Donald Trump-ın vasitçiliyi ilə Sülh bəyannaməsini imzalamış və sülh sazişini paraflamışdılar.
Üç ölkə bunu regional nəqliyyat və enerji bağlantılarının inkişafı üçün platforma kimi qiymətləndirir.
Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsi İkinci Qarabağ müharibəsindən sonra danışıqların əsas mövzularından biri olub. Tərəflər uzun müddətdir ki, regionun nəqliyyat və enerji xətlərinin bərpası və yeni marşrutların yaradılması imkanlarını müzakirə edirlər.
Washington görüşündən sonra Azərbaycan və Ermənistan sülh istiqamətində bir sıra addımlar atsalar da, hələ ki, sülh sazişini imzalamayıblar.




























