Elman Fəttah: "İlham Əliyev üçün də çətin dövr başlayır"


Elman Fəttah: "İlham Əliyev üçün də çətin dövr başlayır"
    • Müəllif, Səadət Akifqızı
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi
  • Oxuma vaxtı: 3 dəq

ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların Konqresdə və Senatda mövqelərini gücləndirməsi Cənubi Qafqaza, o cümlədən Azərbaycana necə təsir edəcək?

Siyasi şərhçi Elman Fəttah BBC Azərbaycancaya müsahibəsində demokratların qələbəsinin regiona mümkün təsirlərdən danışır.

Video açılmasa, Youtube kanalımızda baxın.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

"Azərbaycan avtoritarizmi üçün də çətin dövrün başlaya bilər"

Elman Fəttah hesab edir ki, bu nəticə təkcə ABŞ daxili siyasəti üçün deyil, həm də Vaşinqtonun dünyadakı avtoritar rejimlərə münasibəti baxımından əhəmiyyətlidir.

Onun fikrincə, son illərdə demokratiyanın qlobal geriləməsi fonunda ABŞ-ın demokratik dəyərlərdən uzaqlaşdığı barədə təsəvvür yaranmışdı.

İndi isə demokratların uğuru bu istiqamətdə dönüş siqnalı ola bilər, - siyais şərhçi deyir.

O bildirir ki, Konqres komitələrinə demokratların rəhbərlik etməsi avtoritar ölkələrlə bağlı dinləmələrin və siyasi təzyiqlərin artmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan da diqqət mərkəzinə düşə bilər.

"Bu kontekstdə İlham Əliyev üçün də, Azərbaycan avtoritarizmi üçün də çətin dövrün başladığını biz deyə bilərik", - Elman Fəttah deyir.

O hesab edir ki, Vaşinqtonun son illərdə Bakıya göstərdiyi siyasi dəstək əvvəlki səviyyədə olmayacaq və bu dəyişiklik Azərbaycan hakimiyyətinin xarici siyasət imkanlarına təsir göstərə bilər.

ABŞ-Ermənistan-Azərbaycan xəttində balans dəyişə bilərmi?

Elman Fəttah hesab edir ki, demokratların Konqresdə güclənməsi erməni diasporunun təsir imkanlarını da artıra bilər.

Bununla yanaşı, o düşünür ki, bu vəziyyət sülh prosesini dalana salmaqdan çox, tərəflər arasındakı balansı dəyişdirə bilər.

Onun fikrincə, son aylarda danışıqlarda daha çox üstün mövqedə görünən Azərbaycan qarşısında Ermənistanın siyasi manevr imkanları genişlənə bilər. Bu isə danışıqlarda daha tarazlı mühit yarada bilər.

Fəttah bildirir: "Mənim proqnozuma görə Paşinyanın imkanları genişlənəcək".

Şərhçi hesab edir ki, məhz bu balansın yaranması sülh prosesinə mənfi deyil, əksinə müsbət təsir göstərə bilər.

Onun fikrincə, tərəflər arasında güc fərqinin azalması kompromis imkanlarını da artıra bilər və bu, yekun saziş perspektivini gücləndirə bilər.

"Böyük repressiya dalğası artıq səngimə mərhələsinə daxil olacaq"

Elman Fəttah hesab edir ki, ABŞ-da baş verən siyasi dəyişikliklər insan haqları və siyasi azadlıqlar mövzusunun yenidən beynəlxalq gündəmin ön sıralarına çıxmasına səbəb ola bilər.

Onun sözlərinə görə, bu dəyişiklik dərhal nəticə verməsə də, rəsmi Bakının beynəlxalq siyasi siqnalları nəzərə alması ehtimalı yüksəkdir. Şərhçi düşünür ki, son illərdə müşahidə olunan sərt xətt əvvəlki intensivlikdə davam etməyə bilər.

O deyir: "Azərbaycanda 2023-cü ilin noyabrından başlayan böyük repressiya dalğası artıq dünəndən etibarən səngimə mərhələsinə daxil olacaq".

Daha sonra o əlavə edir: "Azərbaycanda önümüzdəki iki il ərzində müəyyən yumşalma prosesləri başlayacaq."

Fəttahın fikrincə, demokratların güclənməsi insan haqları ilə bağlı beynəlxalq təzyiqlərin artmasına gətirib çıxara və bu da Azərbaycanın daxili siyasətinə təsir göstərə bilər.

Konqresdə Azərbaycanla bağlı dinləmələr və sanksiyalar gündəmə gələ bilər

Şərhçi hesab edir ki, yaxın dövrdə ABŞ Konqresində Azərbaycan daha çox müzakirə olunan mövzulardan birinə çevrilə bilər.

Onun fikrincə, burada əsas diqqət insan haqları, media azadlığı və siyasi sistemlə bağlı məsələlərə yönələcək.

Fəttah bildirir ki, demokratların nəzarət etdiyi komitələrdə Azərbaycana dair dinləmələrin keçirilməsi ehtimalı yüksəkdir. Bunun nəticəsində müxtəlif qətnamələr, çağırışlar və siyasi təşəbbüslər ortaya çıxa bilər.

Bununla belə, Fəttah yaxın iki ildə bu proseslərin sərt nəticələr doğuracağını düşünmür.

Onun fikrincə, Ağ Evdə hələ də Donald Trump administrasiyasının qalması Konqres təşəbbüslərinin bir hissəsini məhdudlaşdıra bilər.

907-ci düzəliş və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi

Elman Fəttah hesab edir ki, Konqresdə demokratların üstünlüyü bu mövzuda Bakının gözləntilərini əhəmiyyətli dərəcədə zəiflədib.

Onun fikrincə, yaxın iki ildə ciddi dəyişiklik gözlənilməsə də, 907-ci düzəlişin tam ləğvi artıq real perspektiv kimi görünmür. Şərhçi hesab edir ki, bu məsələdə qərarverici rol Konqresə məxsusdur və oradakı siyasi konfiqurasiya Azərbaycanın mövqeyinə uyğun deyil.

Fəttah deyir:"[907-ci düzəlişin] ləğvi artıq mümkün deyil. Bu xəyalı dəfn eləmək lazımdır".

Bununla yanaşı, o hesab edir ki, ABŞ-la münasibətlərin gələcəyi təkcə Vaşinqtondakı siyasi qüvvələrdən deyil, həm də Azərbaycanın öz daxili siyasi inkişafından asılı olacaq.

Onun fikrincə, demokratik islahatlar olmadan bugünkü yaxınlaşmanı uzunmüddətli strateji tərəfdaşlığa çevirmək çətin olacaq.