Türkiyə Prezidenti Erdoğan Zəfər günü üçün Azərbaycana gedəcəyini bildirib

Şəklin mənbəyi, Anadolu agentliyi
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan noyabrın 8-də Azərbaycanda keçiriləcək Zəfər Günü tədbirlərində iştirak etməyi planlaşdırdığını açıqlayıb.
Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən Erdoğan deyib ki, əgər "fövqəladə bir hal baş verməzsə", noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırır.
"Ümid edirəm ki, bu səfər sayəsində lazımi addımları atmaq imkanımız olacaq", - deyən Erdoğan, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını da qeyd edib.
Erdoğan bildirib: "Azərbaycanla münasibətlərimiz klassik diplomatik əlaqələrdən qat-qat dərindir. İki ölkə arasındakı sarsılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur".
Onun bu açıqlamaları Ankara ilə Bakı arasında bir neçə həftədir davam edən və türkiyəli şərhçilərin Azərbaycanda dövlət məktəblərində hicab məhdudiyyətlərini tənqid etməsi ilə alovlanan gərginlik fonunda səslənib.
İlham Əliyevin oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak etməməsi yaranmış fikir ayrılığının aradan qaldırılması perspektivi ilə bağlı narahatlıqlara səbəb olub.
Azərbaycan hakimiyyəti hələlik Erdoğanın səfəri ilə bağlı hər hansı şərh bildirməyib.























