TƏBİB Səhiyyə Nazirliyinə birləşdirildi, nazir dəyişdi

Videonun alt yazısı, TƏBİB Səhiyyə Nazirliyinə birləşdirildi, nazir dəyişdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirildi, nazir dəyişdi
Çap edildi

Səkkiz il əvvəl yaradılan TƏBİB artıq ayrıca qurum deyil.

Prezident İlham Əliyevin 19 oktyabr tarixli qərarı ilə TƏBİB Səhiyyə Nazirliyinə tabe edilib və qurumun rəhbəri səhiyyə naziri olub.

Fərmanda bu dəyişiklik ölkədə səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əsaslandırılır.

Qərar sosial mediada fərqli reaksiyalar doğurub.

Tənqid edənlərdən bəziləri icbari tibbi sığorta sisteminin gözləntiləri doğrultmadığını yazır.

Digərləri isə sual edir: əgər səlahiyyətlərin bir mərkəzdə toplanması daha məqsədəuyğundursa, onda bu qurum niyə səkkiz il əvvəl yaradılmışdı?

TƏBİB 2018-ci ildə yaradılmışdı.

Həmin vaxt məqsəd yeni idarəetmə modelinin tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə mexanizmlərinin yenilənməsi kimi izah edilmişdi.

Daha sonra dövlət tibb müəssisələrinin bir hissəsi Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verilmişdi.

İndi isə TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilib.

Yeni fərmanda əvvəlki modelin nəticələri və ya bu dəyişiklik üçün konkret səbəblər ayrıca göstərilmir.

Qərarla səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad olunaraq Baş nazirin müavini təyin edilib.