Paşinyan yenə Yerevanın küçələrində sakinlərlə görüşüb

Videonun alt yazısı, Paşinyan yenə Yerevanın küçələrində sakinlərlə görüşüb
Paşinyan yenə Yerevanın küçələrində sakinlərlə görüşüb
Çap edildi

Ermənistanın baş naziri Nikol Paşinyan paytaxtın Acapnyak rayonunda sakinlərlə görüşərək onların problemlərini dinləyib.

O rayonun abadlaşdırılması ilə bağlı hökumətin həyata keçirdiyi proqramlardan danışıb.

Nikol Paşinyan Yerevandakı küçələrin birində sakinlərlə xaş yeyib, nərd oynayanlara azarkeşlik edib.

Sakinlərdən biri ona müraciətlə deyir: "Cənab Paşinyan, sizə 100 il ömür arzulayıram".

Paşinyan qadından mənzilə yenicə köçüb-köçmədiklərini soruşur və onları yeni ev münasibətilə təbrik edir.

Qadın isə ona yaxınlaşaraq deyir: "Sizi çoxdan görmək istəyirdim. Geyimimə görə bağışlayın".

Daha sonra Baş naziri qucaqlayıb öpür: "Siz möcüzəsiniz, möcüzə! Hamımız sizə vurulmuşuq".

Paşinyan təşəkkür edərək söhbəti nəzakətlə yekunlaşdırır.

Daha sonra məktəblilərlə söhbət edən Baş nazir onlardan soruşur:

"Salam, uşaqlar, necəsiniz? Bu məktəbin şagirdlərisiniz? İdman zalınız yaxşıdır? Meydança necədir? Kimya laboratoriyalarından istifadə edirsinizmi? Xalatları həmişə geyinirsiniz, yoxsa mən gələndə geyinirsiniz?"

David adlı balaca oğlan: "Səni telefonda görmüşəm, - deyir".

Paşinyan zarafatla cavab verir: "Məni telefonda görüb bura gəlmisən? Bağçaya gedirsən? Yeməklər dadlıdır? Bina təmir olunub, yoxsa hələ də köhnə vəziyyətdədir? Oyuncaqlarınız var?"

Baş nazir daha sonra oyun meydançasında uşaqlarla görüşür.

Paşinyan daha sonra həyətdə nərd oynayan kişilərə yaxınlaşır. Elə bu vaxt onlardan birinin 12 min dram uduzduğunu eşidir və zarafatla:

Görünür, ayağım sizə düşmədi, - deyir.

Ardınca əlavə edir: "İstəsəm, bu uduzuşu öz üzərimə götürərəm. Amma sonra deyərlər ki, qumarı təşviq edir. Yaxşısı budur sizi pivəyə qonaq edim".

Bunu deyərək 12 min dramı nərd taxtasının altına qoyur.

Gəzinti zamanı qatıq satan bir ailə ilə də söhbət edən Paşinyan onlara belə müraciət edir:

"Xahiş edirəm, məhsulun keyfiyyətinə diqqət edin. Kiminsə zəhərlənməsinə yol verməyin. Nə mən biabır olum, nə də siz".

Baş nazir Fransadan tətil üçün Ermənistana gəlmiş iki qardaşla da şəkil çəkdirib. Uşaqların anası onların erməni dilini bilmədiyini bildirib.

Uşaqların nənəsi Paşinyanla qucaqlaşaraq yaxın vaxtlarda Ermənistana qayıtmağı planlaşdırdıqlarını deyib.