Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Azərbaycana hicab iradından sonra Oktay Saral istefa verib
Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın baş müşaviri Oktay Saral 2016-cı ildən tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Saralın qərarı Azərbaycanda hicablı şagirdlərlə bağlı açıqlamasının Ankara və Bakı arasında mübahisə yaratmasından sonra verilib. Bununla belə, istefanın həmin mübahisə ilə bağlı olduğu rəsmi şəkildə təsdiqlənməyib.
Saral sosial media paylaşımında istefasının inandığı dəyərlərdən geri çəkilməsi anlamına gəlmədiyini və bundan sonra da Prezident Erdoğanın yanında olacağını bildirib.
"Məqamlar gəlib keçir, titullar əl dəyişdirir. Əsas məsələ insanın hansı vəzifədə oturması deyil, hansı dəyərlərin arxasında dayanmasıdır", - o yazıb.
Saral oktyabrda Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırıldığını iddia etmiş və bunu "qəbuledilməz" adlandırmışdı.
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası isə Saralın və bəzi AKP deputatlarının açıqlamalarını ölkəyə qarşı "aqressiv, sistemli və böhtan xarakterli informasiya kampaniyasının" bir hissəsi kimi qiymətləndirmişdi.
Mübahisə Azərbaycanda dövlət məktəblərində vahid məktəbli formasına dair qaydaların tətbiqindən sonra yaranıb. Qaydalarda "hicab" sözü birbaşa işlədilməsə də, bəzi Türkiyə media qurumları və din xadimləri bunu hicab qadağası kimi təqdim ediblər.
Türkiyə mediasında Saralın istefa vermədiyi, Prezident Erdoğanın göstərişi ilə vəzifədən uzaqlaşdırıldığı barədə xəbərlər də yayılıb.
Jurnalist Talat Atilla Saralın ona bu qərarın Erdoğan tərəfindən verildiyini söylədiyini bildirib.
Azərbaycanla bağlı açıqlamalarının qərara səbəb olub-olmadığına dair suala isə Saralın "elə görünür" cavabını verdiyi bildirilir. Saral son paylaşımında qərarı istefa kimi təqdim edib.
1967-ci ildə Trabzonun Of rayonunda doğulan Saral əvvəllər Ofun bələdiyyə sədri və AKP-dən İstanbul millət vəkili olub.
O, 2016-cı ildə Erdoğanın baş müşaviri təyin edilmişdi.
Azərbaycan hakimiyyətinin Türkiyənin iki siyasi partiyası ilə təmasları
Ancaq Türkiyədə hicab mövzusunda Azərbaycana siyasi dəstək verənlər də var.
Hicab mübahisələri fonunda Azərbaycan hakimiyyəti Türkiyənin iki siyasi partiyası ilə təmaslar qurub.
Bu addım Azərbaycanın dövlət nəzarətində olan mediası tərəfindən məktəb forması qaydalarının tətbiqi ilə əlaqədar Azərbaycana qarşı media kampaniyası təşkil etməkdə ittiham olunan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) ünvanlanmış bir mesaj kimi görünür.
Türkiyənin ifrat millətçi müxalifət partiyası olan "Zəfər Partiyası"nın (Zafer Partisi) liderinin müşaviri Hakkı Şafak Ses oktyabrın 24-də Bakıya səfər edərək Azərbaycanın mövqeyinə dəstək ifadə edib.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə danışıqlar zamanı o, Türkiyədəki bəzi siyasi dairələr tərəfindən aparılan və "Azərbaycana qarşı kampaniya" kimi xarakterizə etdiyi fəaliyyətləri tənqid edib və Azərbaycanın daxili işlərinə müdaxilə edilməməli olduğunu vurğulayıb.
Bundan əlavə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov oktyabrın 23-də Türkiyə hökumətinin müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə görüşüb.
Baxçalı Azərbaycana dəstəyini bir daha təsdiqləyərək, Azərbaycan-Türkiyə birliyi və həmrəyliyinin qorunub saxlanılmasının strateji əhəmiyyətini vurğulayıb.